"Azəriqaz" abonentlərə müraciət etdi


  • 5 Avqust 2022 14:25

"Aidiyyəti dövlət orqanları ilə birgə "Azəriqaz" İstehsalat Birliyinin texniki heyəti avqustun 3-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində partlayışın baş verdiyi mənzilə baxış keçirib. Məlum olub ki, sözügedən mənzildə iki qaz cihazı olub. Cihazlardan biri yerində olmayıb, lakin cihaza gedən qaz xəttindəki kran açıq vəziyyətdə olub. İlkin ehtimala görə, mənzildə təmir işləri aparılan zaman qazdan istifadə olunduqdan sonra kranı bağlamağı unudublar. Yaxud təmir zamanı cihaz sökülüb və kranı bağlamaq unudulub. Hər halda daha ətraflı və dəqiq izahatlar alındıqdan sonra məsələ aydın olacaq".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O, abonentləri təmir işləri aparılan zaman diqqətli olmağa çağırıb. Bildirib ki, təmir işləri aparılan zaman müvafiq qaz idarəsinə müraciət edilməlidir və qaz təchizatı dayandırılmalıdır.

"Təmirdən sonra mənzilə baxış keçirilməli, qiymətləndirmə aparılmalı, nasazlıq varsa, aradan qaldırılmalı və yalnız bundan sonra qazın verilişi bərpa olunmalıdır. Abonent müvafiq qaz idarəsinə məlumat verməsə, bizim mənzildə təmir işləri aparılmasından xəbərimiz olmayacaq. Ona görə də bu məsələdə vətəndaşların üzərinə məsuliyyət düşür. Nəzərə almalıdırlar ki, üzərlərinə düşən məsuliyyəti yerinə yetirmədikdə zərər çəkən də özləri olur. Ümumiyyətlə, “Qazdan istifadə Qaydaları”na əsasən, həm qaz paylacısının, həm də qazdan istifadə edən hüquqi və fiziki şəxslərin üzərinə məsuliyyət qoyulur. Burada qeyd olunur ki, qazdan istifadə edən istehlakçılar qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli, qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xətdəki nəzarət ventilini bağlamalıdır. Həmçinin, qaydalara görə, mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısına bu barədə əvvəlcədən yazılı olaraq məlumat verilməlidir. Bir müddət əvvəl biz "Açıq qapı" aksiyalarının birində bu sözləri dedikdə birmənalı qarşılanmadı. Lakin nəzərə almaq lazımdır ki, bizim tələbimiz abonentlərin təhkükəsizliyinin təmin olunması istiqamətindədir", - deyə İ.Behbudov qeyd edib.

Oxşar xəbərlər