Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət etdi - FOTO


  • 9 Avqust 18:26

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verib.

Bildirilib ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.

Qeyd edilib ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.

Diqqətə çatdırılıb ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.

Vurğulanıb ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.

Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər