Ukraynada həbs olunan Vətən müharibəsi iştirakçısı Prezident İlham Əliyevə müraciət etdi - VİDEO


  • 11 Avqust 2022 16:26

Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edib.

E-huquq.az xəbər verir ki, videomüraciətdə M.Qasımlı ölkə başçısından və ictimaiyyətdən ona dəstək göstərilməsini xahiş edib.

"Mən Prezidentdən xahiş edirəm ki, bu işi nəzarətə götürsünlər. Mənə kömək etsinlər. Burada mənə qarşı haqsızlıq, ədalətsizlik edilir. Prokuror deyir ki, Qarabağda döyüşmüş adamı çölə buraxmaq olmaz, o, başkəsəndir. Amma bilsinlər ki, mən hər zaman torpaqlarım uğrunda döyüşməyə, canımdan keçməyə hazıram. Dövlətimə də, Prezidentimə də inanıram", - deyə o bildirib.

Qeyd edək ki, Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

Ötən ay onların işinə Kiyev vilayətinin Obuxov rayon məhkəməsində baxılıb. Məhkəmə iclasının yekununda prokuror Rinat Kuzmenko təqsirləndirilən şəxslərin ittiham edildikləri maddələri (xuliqanlıq, adam oğurluğu, qanunsuz silah gəzdirmə maddələri) elan edərək saxlanılanlara 8 ildən 15 ilə qədər iş istəyib. Məhkəmədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nümayəndəsi çıxış edərək ittiham olunan şəxslərin zaminə buraxılmasını xahiş etsə də, məhkəmə bu xahişi nəzərə almayıb.

Avqustun 9-da isə Kiyev Apellyasiya Məhkəməsində iş üzrə vəkillərin verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib. İlkin instansiya məhkəmələrində baş verən özbaşnalıqlar barədə hakimlərə məlumat verilib. Hakimlər baş verən qanunsuzluqları qeydə alaraq, işin araşdırılması üçün avqustun 16-na növbəti məhkəmə prosesini təyin edib.

M.Qasımlı daha əvvəl mətbuata açıqlamasında milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərləndiyini və Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. Onun yaxınları iddia edir ki, bu işin gedişinə ermənilər müdaxilə etdiyindən məhkəmə prosesi 1 ildir uzanır. Müharibə zamanı M. Qasımlının çəkdiyi videoların ermənilər tərəfindən qıcıqla qarşılandığını deyirlər.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan bildirilib ki, M.Qasımlı və S.Quliyevin zamin qarşılığında həbsdən azad olunması üçün yenidən cəhd göstərəcəklər, eyni zamanda başqa hüquqi yollar axtaracaqlar.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlayıb və adıçəkilən vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib.

Oxşar xəbərlər