Məzmuna keç

Həbsdə olan iş adamının ailəsindən pul tələb olunub? – İDDİA

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürüb. O bildirib ki, Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul alıb. Lakin pul mükafatı aldıqdan sonra o, iş adamını tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər. E.Fətullayevin sözlərinə görə, R.Məmmədovun ailəsi bildirib ki, pulu Əvəz Zeynallının adına vəkil Elçin Sadıqov köçürüb. Daha sonra həmin məbləği vəkil geri qaytarıb.

E-huquq.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov isə E.Fətullayevin iddiasını təkzib edib. O, yayılmış səs yazısındakı “iadə” ifadəsində heç bir puldan söhbət getmədiyini deyib. E.Sadıqov bildirib ki, orada R.Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir və Ə.Zeynallı həmin sənədləri qaytarmasını nəzərdə tutub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.

Vəkillər Kollegiyasından isə bildirilib ki, vəkillə bağlı məsələni diqqətdə saxlayırlar: "Biz də hadisə ilə bağlı KİV-dən məlumat almışıq. Məsələ araşdırılacaq. Əgər vəkilin hərəkətində hər hansı qanun pozuntusu aşkar edilərsə, intizam icraatı başladılacaq".

Qeyd edək ki, "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir.