"Mexaniki qaz sayğaclarına əlavə olaraq özəl qurğular quraşdırılacaq".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin 104 çağrı mərkəzinin rəhbəri Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, bu qurğular vasitəsilə abunəçilərdə sayğaclarla bağlı yaranan problemləri məsafədən həll etmək mümkün olacaq.
“Əslində öncədən ödənişli sayğaclardan mexaniki dediyimiz sonradan ödənişli sayğaclara keçidin bir səbəbi var. Bunu inkişaf kimi qiymətləndirmək olar, çünki həmin o sayğaclara biz “ağıllı sayğaclar” deyə biləcəyik. Belə ki, onlara özəl qurğular quraşdırılacaq ki, bu da sayğacların göstəricilərini məsafədən oxumağa və yaxud sayğacla bağlı yaranan hər hansı problemi məsafədən həll etməyə imkan yaradacaq”, – deyə Xalidə Şimşək qeyd edib.
