Misir Qasımlının anası: "Heç bir sübut yoxdur, oğlumu qəsdən həbsdə saxlayırlar"


  • 15 Sentyabr 2022 13:54

“Bir ildən çoxdur ki, oğlumu qanunsuz həbsdə saxlayırlar. Əllərində heç bir sübut da yoxdur”.

Bunu e-huquq.az-a açıqlamasında Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlının anası Xalidə Qasımlı deyib.

O, M.Qasımlının erməni əsilli İspaniya vətəndaşı tərəfindən şərləndiyini deyib: “Oğlum Rusiyada yaşayırdı. İkinci Qarabağ müharibəsi başlayanda o, Bakıya gəldi və könüllü olaraq döyüşlərə qatıldı. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Müharibədən qayıtdıqdan sonra iş tapa bilmədi. Ona görə də işləmək üçün Ukraynaya getdi. 2021-ci il iyunun 8-i axşam saatlarında Sübhanın ad gününü restoranda qeyd etmək üçün restoranlardan birinə gedirlər. Bu zaman ofisiant oğlan yaxınlaşaraq restoranda olan müştərilərdən birinin onların hesabı ödədiyini bildirib. Bu, Misir xoşuna gəlməyib. Deyib ki, tanımadığım şəxs niyə mənim əvəzimə pul ödəməlidir?! Həmin adam özünü İspaniya vətəndaşı kimi təqdim edib, rus dilini bilmədiyini deyib, ingilis dilində danışırmış. Oğlum isə ingilis dilini bilmədiyi üçün orada ofisiantın vasitəsilə ünsiyyət qurublar. Hesabı ödəyən şəxs deyib ki, məndə nəğd pul yoxdur, sizin hesabı kartla ödədim ki, pulu mənə nəğd şəkildə qaytarasınız. Misir onun pulunu oradaca özünə qaytarıb. Daha sonra restorandan çıxarkən həmin İspaniya vətəndaşı maşınla onu da gedəcəyi otelə aparmağı xahiş edib. Misir razılaşıb. Maşına oturduqdan sonra həmin şəxs oğluma narkotik təklif edib. Bu zaman Misir onu avtomobildən düşürərək qovub. Maraqlıdır ki, bayaqdan rus dilini bilmədiyini deyən İspaniya vətəndaşı artıq burada rus dilində danışırmış. Səhəri gün, yəni iyunun 9-da həmin adamın şikayəti əsasında oğlum da, dostu Sübhan da polis tərəfindən saxlanılıb. Biz sonradan öyrəndik ki, şikayətçi milliyətcə erməni imiş”.

X.Qasımlı bildirib ki, şikayət edən şəxs M.Qasımlı bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıdıb və heç bir məhkəmə prosesində iştirak etməyib: “Şikayətçi iddia edir ki, guya Misir onu bıçaqlayıb. Amma bu adam ekspertizada olmayıb. Misirin ona xəsarət yetirməsinə dair heç bir ekspertiza rəyi, sübut yoxdur. Həmin gün olduqları avtomildə guya qan izləri aşkarlanıb. Amma götürülən qan nümunələrinin analizi nəticəsində məlum olub ki, bu qan nə Misirə, nə də zərərçəkmiş şəxsə aid deyil. Əgər oğlum onu bıçaqlayıbsa, niyə bir həkim rəyi, rəsmi bir sənəd yoxdur əllərində? Bu adam çıxıb gedib İspaniyaya, heç bir məhkəmə prosesinə gəlməyib. Məhkəmədə heç vaxt üzünü görməyiblər. Şikayəti də onun adından başqa bir adam yazıb. Misirin vəkil zərərçəkimişin vəkilindən onun əlaqə nömrəsini istəyib ki, özü ilə danışsınlar, müzakirə etsinlər, bəlkə bir ortaq yol tapılar. Amma vəkili bundan imtina edir. Bəhanə edir ki, guya zərərçəkmiş Misirdən elə qorxub ki, heç onunla telefonla da danışmaq istəmir. Qeyd edim ki, qarşı tərəfin vəkili də ermənidir”.

X.Qasımlı deyib ki, İkinci Qarabağ müharibəsi zamanı M.Qasımlının çəkdiyi videolar ermənilərdə qıcıq yaradıb və baş verənlər ondan qisas almaq üçün qurulmuş plan ola bilər. O, iddia edib ki, məsələdə erməni lobbisinin əli var və oğlunun həbsdə saxlanılması üçün çalışırlar.

“Sosial şəbəkələrdə Misirin müharibədə çəkilmiş videoları yayılmışdı. Görüntülərdə oğlum “Qarabağ Azərbaycandır! İrəvan da Azərbaycanın olacaq!” kimi fikirlər səsləndirib. Bu, sosial şəbəkənin erməni istifadəçilərində qıcıq yaratmışdı. Biz ora yazılan şərhlərdə də bunu görürdük. Hətta bu fikirlərinə görə Misirin başına pul qoyanlar da var idi. O zaman biz yazılanları ciddi qəbul etmədik. Təsəvvür etməzdik ki, oğlumun başına belə bir iş gələr. Amma indi baş verənlər bizdə ciddi şübhələr yaradıb. Deməli, Misirin kirayə qaldığı evdə polis axtarış aparıb. Axtarış zamanı evdən guya bir ədəd silah və mətbəx bıçağı aşkarlanaraq götürülüb. Bıçağı Misirə uzadıblar ki, bu sənindir. İstəyiblər ki, onun əl izi düşsün həmin silaha. Misir isə etiraz edərək həmin silah və bıçağın ona məxsus olmadığını deyib. Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Onu da deyim ki, Misirin həmin İspaniya vətəndaşı ilə tanış olduğu restoranın sahibi erməni imiş. Biz bunu sonradan bilmişik. Maraqlıdır ki, həmin gün restoranda Misirlə İspaniya vətəndaşının söhbətinə şahid olan ofisiantlar növbəti gün orda deyilmişlər. Qəribədir ki, onlar bir də orda görünməyiblər. Şahidlərin hamısı sanki yoxa çıxıb. Həmçinin həmin gün onlarla bir masada Türkiyə vətəndaşı olan 3 qız da olub ki, onların da heç birini şahid kimi qəbul etməyiblər. Bütün bunlar baş verənlərin oğluma qarşı bir oyun olduğuna dair şübhələrimizi daha da artırır. Məhkəməyə guya hadisənin baş vermə anının çəkildiyi görüntü kimi bir video təqdim edilib. Amma açıq-aşkar görünür ki, videodakı şəxs Misir deyil, tamam başqa adamdır. Hətta məkhəmədə hakim də dedi ki, axı görüntülərdəki bu adam deyil. Bizi narahat edən məsələrdən biri də məhkəmə iclaslarının qeydə alınmamasıdır. Məhkəmədə iclaslar videokameralar vasitəsilə qeydə alınmalıdır. Lakin Misirin məhkəmə prosesləri qeydə alınmayıb. Görünür, bu, kiməsə sərf etmir. Bu işi aparan prokuror, müstəntiq, hakimlər prosesin qəsdən uzanmasına çalışır. Təsəvvür edin, prokuror deyir ki, Qarabağda döyüşmüş adamı çölə buraxmaq olmaz, o, başkəsəndir. Hətta Azərbaycan diasporu Misiri öz məsuliyyətləri altında zaminə götürmək məsələsini qaldıranda rədd edildi. Onlar ortada heç bir sübut olmaya-olmaya oğlumu həbsdə saxlayırlar”, - deyə o qeyd edib.

M.Qasımlının anası məsələ ilə bağlı bütün aidiyyəti orqanlara müraciət etdiklərini, lakin lazımi dəstək ala bilmədiklərini bildirib: “Hara gedirik, deyirlər, məsələ nazərətdədir, gözləmək lazımdır. Konkret nəsə deyən yoxdur. İndi də oğlum aclıq aksiyası keçirir. Vəziyyəti yaxşı deyil. Biz çox narahatıq. Hətta dünən səhhətinə görə məhkəməyə gətirilmədi və proses təxirə salındı. İndi səfirlik Misirin vəziyyəti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verməlidir və bunun əsasında ona həkim nəzarəti olmalıdır. Təəssüf ki, hələ də heç bir addım atılmayıb. Mən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən xahiş edirəm ki, bu məsələnin nəzarətə götürülməsində bizə kömək etsin. Əgər oğlum günahkardırsa, hökm oxunsun, cəzasını çəksin. Günahı yoxdursa, azadlığa buraxılsın. Daha belə yalandan prosesi uzatmasınlar”.

X.Qasımlı Azərbaycandan olan vəkillərin də bu işdə onlara yaxından kömək göstərdiklərini deyib: “Vəkil Şaiq Mirzəyev və onun həmkarı Aygül Rəfiyeva bizim məsələ ilə maraqlanır. Şaiq müəllim sağ olsun, bütün işləri təmannasız olaraq öz üzərinə götürüb. Onunla görüşlərimiz olub, məsələni müzakirə etmişik. Həqiqətən də yaxından maraqlanır, əlindən gələni edir. Hazırda bütün hüquqi prosedurların həyata keçirilməsi ilə bağlı işlər görür. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq və oğluma qarşı edilən qanunsuzluqlara son qoyulacaq”.

Oxşar xəbərlər