Məzmuna keç

Rəsmi Bakı: “Pelosinin söylədikləri Ermənistanla münasibətlərin normallaşmasına ciddi zərbədir”

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir", – məlumatda qeyd edilir.

Həmçinin vurğulanır ki, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir.

"Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir", – XİN-dən bildirilib.