"Caspian Energy Club"un nümayəndə heyəti Batumiyə səfər edib - FOTO


  • 22 Sentyabr 2022 15:24

"Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycanın sahibkarlardan ibarət nümayəndə heyəti Batumiyə biznes-turda iştirak edib. Biznes-tur Azərbaycan Respublikasının Batumidəki Baş konsulluğunun və "Caspian Service" inşaat-investisiya şirkətinin dəstəyilə təşkil olunub. Batumiyə biznes-tur çərçivəsində B2G və B2B formatında bir sıra görüş və tədbirlər keçirilib.

Bu barədə e-huquq.az-a "Caspian Energy Club"un mətbuat xidmətindən məlumat verilib.

Birinci B2G forum Acarıstan Muxtar Respublikası Hökumətinin maliyyə və iqtisadiyyat naziri Caba Putkaradze ilə keçirilib. Caba Putkaradze ilə görüşdə sahibkarlar investisiya və biznes imkanları ilə tanış olub, Azərbaycan sahibkarlarının Acarıstan Respublikasında həyata keçirilən layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. Caba Putkaradze Gürcüstanla Azərbaycan arasındakı sıx dostluq əlaqələrini vurğulayaraq Acarıstan ərazisində logistika, turizm, tikinti və kənd təsərrüfatı şirkətlərinin fəaliyyətlərinin aktivləşməsinin zəruriliyini qeyd edib.

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Pərviz İsmayılzadə həmçinin iki ölkənin şirkətləri arasında dialoq və əməkdaşlığın daim dəstəklənməsinin vacibliyini bildirib.

“Gürcüstan bizim strateji partnyorumuzdur və Azərbaycandan olan sahibkarların bu ölkənin hər br regionundakı bütün imkanlarla tanış olması olduqca zəruridir”, - deyə Pərviz İsmayılzadə qeyd edib. O, Azərbaycan şirkətlərinin Acarıstanda həyata keçirilən layihələrdəki fəallığının artma tendensiyasını xüsusilə vurğulayıb.

B2G forumunda çıxış edən Telman Əliyev "Caspian Energy Club"un tarixindən, bu vaxtadək Gürcüstan ərazisində keçirilmiş tədbir və layihələrdən danışıb və iştirakçılara "Caspian Energy Georgia"nın yeni sədri Zaur Darabzadəni təqdim edib, onun üzərinə "Caspian Energy Club"un Gürcüstandakı fəaliyyətini daha da aktivləşdirmək missiyasının qoyulduğunu bildirib. Zaur Darabzadə ona göstərilən yüksək etimada görə dərin minnətdarlığını ifadə edib. O vurğulayıb ki, Azərbaycan və Gürcüstan sahibkarları arasında netvorkinqdə fəal iştirak edəcək və onun daha da genişlənməsi, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.

Daha sonra Caba Putkaradze B2G forum iştirakçılarının təkliflərini dinləyib, onları maraqlandıran suallara cavab verib. Telman Əliyev Acarıstan Muxtar Respublikası Hökumətinin maliyyə və iqtisadiyyat naziri Caba Putkaradzeyə açıq və səmimi dialoqa görə təşəkkür edib və ona "Caspian Energy Club"un fəxri üzvü sertifikatını təqdim edib.

Sonra Batumi şəhərinin meri Arçil Çikovaninin iştirakı ilə ikinci B2G forumu təşkil edilib. "Caspian Energy Club"un üzv şirkətlərinin rəhbər və sədrləri ilə görüşdə Arçil Çikovani Batuminin infrastrukturunun inkişaf planlarından və turizm potensialından danışıb. Arçil Çikovani Azərbaycan biznesmenlərinin Batumidən olan həmkarları ilə sıx dostluq və işgüzar əlaqələrini vurğulayıb.

Sonra Arçil Çikovani B2G forum iştirakçılarının təkliflərini dinləyib və onları maraqlandıran sualları cavablandırıb. Telman Əliyev Batumi şəhərinin meri Arçil Çikovaniyə açıq və səmimi dialoqa görə təşəkkürünü bildirib və ona "Caspian Energy Club"un fəxri üzvü sertifikatını təqdim edib. Üçüncü B2G forum Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Tina Zoidzenin iştirakı ilə təşkil olunub. Görüş iştirakçılarını salamlayan Tina Zoidze Acarıstanın turizm potensialının təqdimatını keçirib və azərbaycanlı turoperatorları əməkdaşlığa dəvət edib. Tina Zoidze Azərbaycan sahibkarlarının Acarıstan ərazisindəki, xüsusilə Batumidəki otel və əyləncə mərkəzlərinin tikintisinə böyük maraqlarının olduğunu vurğulayıb. Sonra Tina Zoidze B2G forum iştirakçılarının təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Telman Əliyev Acarıstanın Turizm Departamentinin sədri Tina Zoidzeyə açıq və səmimi dialoqa görə təşəkkürünü bildirib və ona "Caspian Energy Club"un fəxri üzvü sertifikatını təqdim edib.

Daha sonra "Caspian Energy Club" və Acarıstan Muxtar Respublikasının Ticarət-sənaye Palatasının birgə təşkil etdiyi B2B forum keçirilib. B2B forumunun baş sponsoru "Caspian Service" investisiya-tikinti şirkəti olub. Forum çərçivəsində Acarıstan Muxtar Respublikasının Ticarət-sənaye Palatasının sədri Georgi Romanadze Acarıstanın investisiya imkanlarının təqdimatını keçirib və B2B forumunda iştirak edən acar biznesmenlərini təqdim edib. "Caspian Service" investisiya-tikinti şirkətinin Gürcüstandakı nümayəndəliyinin başçısı Rəhman Sultanlı şirkətin dünyanın 20-dən çox ölkəsindəki fəaliyyətindən və Gürcüstan ərazisindəki fəaliyyət planlarından danışıb. Azərbaycan sahibkarları biznes layihələri barədə məlumat verib və onları maraqlandıran sualları səsləndiriblər.

B2B forumu çərçivəsində Acarıstan Muxtar Respublikasının Ticarət-sənaye Palatası ilə "Caspian Energy Club" arasında əməkdaşlıq memorandumu imzalanıb. Telman Əliyev Acarıstan Muxtar Respublikasının Ticarət-sənaye Palatasının sədri Georgi Romanadzeyə fəal əməkdaşlığa hazır olduğu üçün təşəkkürünü bildirib və ona Caspian Energy Club-un fəxri üzvü sertifikatını təqdim edib.
B2B forumunda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 50-dən çox sahibkar iştirak edib. B2B forumundan sonra rəsmi şəxslər və sahibkarlar yeni yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Kompleksin inşası "Caspian Service" investisiya-tikinti şirkəti tərəfindən həyata keçirilir. Mərasimdə çıxış edən Batumi şəhərinin meri Arçil Çikovani vurğulayıb ki, bu, Azərbaycanın pandemiyadan sonra birinci investisiyasıdır və biz əminik ki, bu ənənəni qardaş Azərbaycanın yeni şirkətləri davam etdirəcək. Tədbir iştirakçılarına müraciət edən "Caspian Service" investisiya-tikinti şirkətinin direktorlar şurasının sədri Rəhim Sultanov layihənin həyata keçirilmsində göstərilən dəstəyə görə Batumi şəhərinin meriyasına və bütün biznesmenlərə təşəkkürünü bildirib, gələcək nəsillər üçün xatirə kapsulunu kompleksin təməlinə yerləşdirib.

Növbəti gün "Caspian Energy Club"un nümayəndə heyəti bir sıra istehsalat müəssisələrinə və şirkət ofislərinə baş çəkib. Daha sonra "Caspian Energy Club"un üzvləri Batumi şəhərinin görməli yerlərini ziyarət edib, sahibkarlar əvvəlcədən planlaşdırılmış qrafik üzrə fərdi görüşlər keçiriblər.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycan və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. "Caspian Energy Club"un mənzil-qərargahı Bakı şəhərində yerləşir. "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər