Baş prokuror Gürcüstana səfər edib - FOTO


  • 26 Sentyabr 2022 11:24

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisiyə işgüzar səfərə gedib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat ximətindən bildirilib.

Nümayəndə heyəti tərəfindən Tbilisidə Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Sentyabrın 24-də Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilata yeni üzvlərin qəbul edilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. 2024-cü ilin sentyabrında ölkəmizdə keçiriləcək Assosiasiyanın 29-cu illik konfransı və ümumi yığıncağı, həmçinin növbəti ilin may ayında Türkiyənin İstanbul şəhərində regional konfransı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan baş prokurorlarının geniş tərkibdə görüşü keçirilib. Səmimi qəbula və Azərbaycanın nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirən Kamran Əliyev ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Baş prokuror həmkarına dünya ölkələrinin prokurorlarını bir araya gətirən beynəlxalq tədbirin işinə uğurlar arzu edib. İrakli Şotadze öz növbəsində xoş sözlərə görə təşəkkürünü bildirərək cari ilin iyul ayında ölkəmizə işgüzar səfəri zamanı əldə olunmuş razılıqların hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacağını vurğulayıb. Tərəflər konkret cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərini müzakirə edərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

Həmçinin, Böyük Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill ilə keçirilən görüşdə hüquq mühafizə orqanlarımız arasında əlaqələrin genişlənməsinin zəruriliyi, xüsusilə də ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Habelə, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı əsasında Azərbaycanın Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının hazırki mərhələsi və Britaniyada aparılan araşdırma ilə bağlı fikir mübadiləsi aparılıb, günahkarlar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının labüdlüyü qeyd olunub.

Nümayəndə heyətinin səfəri davam edir.

Oxşar xəbərlər