Bakıda Misir Qasımlıya azadlıq tələbi ilə aksiya keçirildi - FOTO


  • 3 Oktyabr 2022 15:00

Bu gün Bakıda Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlıya azadlıq tələbi ilə aksiya keçirilib.

E-huquq.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Ukraynanın Azərbaycandakı Səfirliyinin qarşısında keçirilən aksiyada "Misirə azadlıq!", "Misir, sən tək deyilsən!" və digər şüarlar səsləndirilib.

Aksiya iştirakçıları Misir Qasımlının təqsirli olmadığı və böhtan xarakterli ittihamla həbs edildiyini bildirərək onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

Aksiyada çıxış edən Misir Qasımlının vəkili Şaiq Mirzəyev hüquqlarını müdafiə etdiyi şəxsə qarşı saxta ittihamlar irəli sürüldüyünü deyib: "Cinayət işi materillarında heç bir fakt, sübut yoxdur. Prokurorluq irəli sürdüyü ittihamları sübut edə bilmir. Məhkəmə də heç bir fakt, sübut tapa bilmir. Belə olan halda, məhkəmə bəraətverici hökm çıxarmaq əvəzinə işi uzadır. Baş verənlər onu deməyə əsas verir ki, işə qərəzli yanaşılır. Bizim istəyimiz odur ki, əsası olmayan ittihamlar ləğv olunsun, bəraətverici əsaslarla hökm çıxarılsın. Bu gün iş üzrə məhkəmə prosesi keçirilməlidir, gedişat onu göstərir ki, işi süni şəkildə uzadacaqlar. Çünki Misirin həbsdə qalmasında maraqlı olan şəxslər var və onlar bu istiqamətdə çalışırlar".

Misir Qasımlının digər vəkili Aygül Rəfiyeva da çıxış edərək Misir Qasımlının saxta ittihamlarla qanunsuz olaraq həbsdə saxlanıldığını bildirib: "Onun həbsinin qanunsuz olduğu Kiyev Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqləndi. Lakin təəssüf ki, onlar - Misir və onunla birgə saxlanılan Sübhan Quliyev həbsdən azad edilməlidir. Bu da işdə qərəz olduğunu bir daha sübut edir. Misir və Sübhan adam oğurluğu, quldurluq, odlu silah daşıma maddələri ilə təqsirləndirilirlər. Amma heç bir maddə üzrə sübut yoxdur. Ona görə də məhkəmə ittihamedici hökm çıxara bilməyəcək. Bəraətverici hökm isə çıxarmaq istəmir. Onu da nəzərinizə çatdırım ki, iş üzrə zərərçəkmiş şəxs bir dəfə də olsun, nə istintaqda, nə də məhkəmədə iştirak etməyib".

Daha sonra aksiyada Azərbaycan Vətənpərvərlər Partiyası və VARIS şəhid ailələri və qazilərə qayğı İctimai Birliyinin birgə bəyanatı səsləndirilib.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda döyüşmüş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Kəlbəcərin azadlığına görə" medalı ilə təltif edilmiş Misir Qasımlı Ukraynada erməni lobbisi tərəfindən şərlərənərək 1 il 5 aydan artıq müddətdir ki, həbs edilib. Qeyd olunub ki, erməni lobbisinin təşəbbüsü ilə Misirə qarşı saxta iddialar irəli sürülüb.

"Ukrayna qanunvericiliyinə görə, həbs qətimkan tədbirinə səbəb olan şikayət verildikdə məsələyə iki ay ərzində baxılmaldır. Təəssüf ki, bu məsələyə altı aydan sonra baxıldı. Apellyasiya məhkəməsi 18 may tarixli qərardan verilmiş şikayətə nəhayət 27 sentyabr tarixində baxdı və Misirlə Sübhanın həbsdə saxlanılmaları qanunsuz hesab edildi, lakin onlar həbsdən azad edilmədilər. Bundan başqa, Misirin barəsində həbs qətimkan tədbirinin uzadılması haqqında qərar çıxaran hakim barəsində cinayət işi başlanılıb. 2021-ci ilin iyun ayının 9-dan bir neçə məhkəmə keçirilməsinə baxmayaraq heç bir cinayət xarakterli əməl sübuta yetirilməyib. Görünən odur ki, məhkəmə Misir Qasımlının həbsdə qanunsuz saxlanıldığını etiraf etsə də, onu həbsdən azad etmek istəmir, konstitusion hüquq və azadlıqları, cinayət, cinayət prosessual qanunvericiliyin tələblərini və Avropa İnsan Haqqları Konvensiyasını qəti şəkildə pozaraq əsassız yerə vətənndaşlarımızı həbsdə saxlayır. Bundan öncə keçirdiyimiz 2 aksiyada Misir Qasımlıya azadlıq tələbi ilə Ukrayna səfirliyinə bəyanatlar təqdim etməyimizə baxmayaraq, səfirlik təqdim etdiymiz bəyanatları Ukrayna dövletinə çatdırılmayıb, araşdırma ilə bağlı isə bizə heç bir cavab verməyib. Bu da Azərbaycan Vətənpərvərlər Partiyasının və VARIS şəhid ailələri və qazilərə qayğı İctimai Birliyinin üzvlərinin çoxsaylı narahatçılıq və etirazına səbəb olub. Bütün bu narazılıqları nəzərə alaraq tələbb edirik ki, Misir Qasımlı tez bir zamanda azad edilməlidir. Onu da qeyd edək ki, Misir Qasımlının qanunsuz həbsdə saxlanılmasına şəhid anaları da etirazlar edir. Bir daha bildiririk ki, tələbimiz yerinə yetirilmədiyi halda, silsilə aksiyalar keçiriləcək. Bütün dünya Azərbaycanlıları da bu aksiyalara qoşulacaq", - deyə bəyanatda vurğulanıb.

Aksiya iştirakçıları bəyanatı səfirliyə təqdim ediblər, lakin səfirlik media nümayəndələrinin orada olmasını bəhanə edərək bəyanatı qəbul etməyib.

Oxşar xəbərlər

  • 16 İyun 13:00
Sabah yağış yağacaq