Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
E-huquq.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının – avtomobillərin təhlükəsiz keçidi təmin olunur".
***
09.17
Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Bu barədə e-huquq.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
“Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, – deyə “Azərsu” ASC-dən bildirilib.
