Məzmuna keç

Gömrük Komitəsinin müavini ÜGT-nin ekspertləri ilə görüşüb

Gömrük Komitəsinin müavini ÜGT-nin ekspertləri ilə görüşüb

Mayın 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, seminardan əvvəl ÜGT-nin ekspertləri Rika Tokai və David Kozik DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Cavad Qasımovla görüşüblər.

Görüşdə Komitənin fəaliyyəti barədə məlumat verilib, DGK-də məcburi qərarlar sisteminin yaradılması, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı mövzularında fikir mübadiləsi aparılıb.

Daha sonra seminar başlayıb. Seminarın açılışında çıxış edən DGK-nin Akademiyasının rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində innovativ islahatların həyata keçirildiyini, bu yeniliklərin gömrük işinin səmərəli təşkilinə, gömrük rəsmiləşdirilməsi və nəzarəti proseslərinin sürətləndirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Bildirilib ki, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafi ilə bağlı keçirilən seminarda əldə edilən bilik və bacarıqlar, praktik vərdişlər gömrükçülərin gündəlik iş fəaliyyətinə də töhfə verəcək.

Daha sonra DGK-nin mütəxəssisləri Azərbaycan gömrüyündə təsnifat və mənşə sahəsində görülən işlərlə bağlı təqdimatla çıxış ediblər.

Seminar çərçivəsində DGK-nin təsnifat, mənşə və qiymətləndirmə məsələləri üzrə mütəxəssislərinə tarif təsnifatı, mənşə və qiymətləndirmə üzrə gömrük infrastrukturu haqqında ÜGT-nın təlimatları, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sistemi haqqında ÜGT-nin texniki təlimatları, tariflərin təsnifatı, qiymətləndirmə və mənşə işi və əlaqədar infrastrukturda ÜGT-nin diaqnostik mühitə giriş, təsnifat və mənşə sahələrində cari vəziyyət və DGK-nin fəaliyyətinə nəzər salmaq və qiymətləndirmək üçün diaqnostik mühitin praktiki tətbiqi və digər məsələlərlə bağlı təqdimatlar keçirilərək fikir mübadiləsi aparılacaq.

Seminar mayın 24-dək davam edəcək.

Seminarın yekununda iştirakçıların əldə etdikləri biliklər qiymətləndiriləcək.