Məzmuna keç

Fəxrəddin Qurbanovun əziz xatirəsi heç zaman unudulmayacaq…

Fevralın 13-də Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanovun vəfatı Azərbaycan diplomatiyası üçün ağır itki oldu.

F.Qurbanov uzun illər xarici dövlətlərdə işləyərək, Azərbaycan Respublikasının Kanada, Böyük Britaniya və Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri olaraq ölkəmizin maraqlarının keşiyində durub. O, Azərbaycanı canı qədər sevən, ölkəmizin mənafeyini hər an qoruyan peşəkar diplomatlardan olub. F.Qurbanov hər zaman ədalətli mövqeyi, hadisələrə təmkinli yanaşması, eyni zamanda səmimi münasibəti ilə seçilən şəxsiyyət olub. Onun zəngin təcrübəsi ölkəmizin milli maraqlarının müdafiəsində böyük töhfə verib. F.Qurbanovun fəaliyyəti gənc diplomatlar üçün də hər zaman nümunə olub.

F.Qurbanov peşəkar diplomata xas olan bütün xüsusiyyətləri, söhbətcilliyi və xoş ünsiyyəti ilə, həmçinin digər ölkə diplomatlarının da hörmət və rəğbətini qazanıb. Onun vəfatından sonra əcnəbi həmkarlarının F.Qurbanov haqda fikirləri, onun itkisini dərin kədərlə ifadə etmələri də bu hörmət və rəğbətin göstəricisidir.

Ölüm xəbəri ilə hər kəsi kədərləndirən F.Qurbanovun xidmətləri heç zaman unudulmayacaq və mərhum diplomatın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Qeyd edək ki, F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri vəzifəsində işləyib. 2007-2014-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində, 2017-2022-ci illərdə isə Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşı olub.