“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər Əliyev
1992-ci il Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik Azərbaycanlılara qarşı baş vermiş soyqırım qurbanları haqqında məlumat:
Bu qanlı hadisə zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmisdir.
Xocalı soyqırımı, nəinki Azərbaycanın, həmçinin bütöv bəşəriyyət tarixinin ən qanlı səhifələrində yer alan insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən faciədir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı mənfur düşmənin Erməni millətçi şovinistlərinin davamlı şəkildə milli-etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Tarixə nəzər salsaq həmin dövr ərzində xalqımız öz doğma torpaqlarından didərgin düşmüş və xalqımızın hücuma məruz qalan ərazilərdə yaşayan əhalisinin əksəriyyəti qaçqın və məcburi köçkünə çevrilmişdir. Beynəlxalq subyektlər tərəfindən qəbul edilmiş normalara zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağ ərazilərinə öz ərazi iddialarını irəli sürür və bu məqsədlə sözügedən münaqişə zonalarında bütün soyqırım,vəhşilik və digər beynəlxalq cinayətlər törətməyə hazır olduqlarını açıq-aşkar nümayiş etdirirdilər. Xocalı faciəsinin beynəlxalq hüququn "Jus Cogens" normalarına ziddiyyətini əsas götürərək bu insanlıq əleyhinə cinayəti iki aspektdən qiymətləndirmək düzgün olar:
1. Hüquqi aspekt
2. Siyasi aspekt
Xocalı faciəsinin hüquqi aspekti mövqeyindən ilk növbədə onun beynəlxalq cinayət kimi tövsif edilməsi çıxış edir.
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi:
Beynəlxalq hüquq normalarına əsasən beynəlxalq cinayət hesab edilən beynəlxalq-humanitar və insan hüquqları hüququnun kobud şəkildə pozulduğu bu cinayətə görə Ermənistan hökümətinin və onun cavabdeh olduğu tabeliyindəki qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Burada onu qeyd etmək yerinə düşərdi ki, sözügedən faciədə Ermənistan Respublikası tərəfindən müharibənin aparılması qaydaslarının pozulması halları da qeydə alınmışdır, bunlar aşağıdakılardır:
1. Mülki əhalinin öldürülməsi, sağlamlığına ağır, az ağır zərər vurulması daxil olmaqla mülki hədəflərlə hərbi hədəfləri fərqləndirməyən hücumlar;
2. Girov götürmə, saxlama;
3. Müharibə əsir və girovları ilə qəddar, şərəf və ləyaqəti alçaldan rəftar etmə və onların əsaslı hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının Azərbaycanlılardan ibarət əhalisinin qırılmasını " Müharibə cinayətləri və ya insanlığa qarşı törədilmiş cinayətlər " kimi qiymətləndirilə bilən ,xüsusilə, ağır əməllər kimi müəyyən etmişdir. Həmin qərarda “Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü” qeyd olunur.
Xocalı soyqırımı nəticəsində BMT-nin Baş Məclisinin İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur:
– Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən fərq qoyulmadan bu bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
– Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
– Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
– Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
– Maddə 17: Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Respublikamızda dövlət səviyyəsində aparılan istintaq nəticəsində beynəlxalq hüquq normalarına, 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında konvensiyaya əsasən Xocalıda əhaliyə qarşı aparılmış təbliğatlarda və edilən hücumlarda soyqırım cinayətinin elementləri aşkar edilmişdir. Həmin elementlər bunlardır:
1. Öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus-reus (əməlin obyektiv tərəfi);
2. Cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qurumun mövcudluğu;
3. İqri-etnik, milli və dini əsasa görə fərqlənən qurupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırım niyyəti.
İstintaqın davamı olaraq Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsinə səbəb olan bir sıra əsaslar mövcud olmuşdur. Həmin əsaslarla yaxından tanış olaq:
1. Qrupun tam olaraq və ya qismən məhv etməyə yönəlmiş məqsədin mövcudluğunu sübut edən əsaslı faktlar;
2. Cinayətin xüsusi coğrafi ərazidə törədilməsi ;
3. Məhv etmə halının Xocalıda qruplara tam olaraq nəticələr yaratması üçün "kifayət" olması.
Xocalı faciəsinin hüquqi aspektdən qiymətləndirilməsinin digər əsası kimi beynəlxalq məsuliyyət məsələsi çıxış edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı yol verilmiş pozuntular beynəlxalq hüquq normalarına əsasən həm dövlət,həm də fərdi məsuliyyət yaradır. Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklərin hər biri beynəlxalq cinayət hesab olunur və bu əməlləri törətmiş şəxslərin, yəni onların iştirakçılarının və təşkilatçılarının fərdi məsuliyyətinə səbəb olur. Bizə məlumdur ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı rejimin rəhbərləri, bu dövlətin yüksək vəzifəli siyasi və hərbi qulluqçuları, həmçinin Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryan Azərbaycan Respublikası vətəndaşlarına qarşı törədilmiş qeyri-hüquqi əməllərdə yaxından iştirak etmişlər. Qeyd etmək lazımdır ki, bu şəxslərin törətdiyi əməllərin miqyası və ağırlıq dərəcəsi onlara qarşı cinayət təqibinin aparılmasının zəruriliyini şərtləndirirdi.
Xocalı faciəsinin siyasi-hüquqi qiymət almasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olmuşdur. Ümummilli Liderimiz hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktı kimi təsbit olundu və bunun dünya ölkələrinə çatdırılması istiqamətində əsaslı tədbirlər görüldü. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı ( genosidi)" günü haqqında xüsusi qərar qəbul etdi. Bununla yanaşı Xocalı hadisələri ilə bağlı əsl həqiqətlərin dünya dövlətlərinə çatdırılması və edilmiş vəhşiliklərə lazımi hüquqi qiymətin verilməsi vəzifələri ön plana çəkildi. Təəssüf ki, bir çox səbəblərdən bəzi dövlətlərin ikili standartlardan çıxış etməsinin, əksəriyyətinin məsələyə ehtiyyatla yanaşmasının nəticəsi olaraq dünya ictimaiyyəti Xocalıda baş verən hadisələri soyqırım aktı kimi qəbullanmaq istəmir. Hal hazırda dünyanın bir çox telekanalları 1992-ci ildə Xocalıda baş verən dəhşətli hadisələri soyqırım kimi nümayiş etdirməkdən çəkinirlər. Təəssüf ki , XX əsrdə dünyanın gözü qarşısında törədilmiş qandonduran bu əməllərə əksəriyyət tərəfindən biganə yanaşılır. Lakin biz, hər bir Azərbaycan vətəndaşı son nəfəsimizə qədər “Xocalının danışan dili” olacağıq. Ali Baş Komandanımız İlham Əliyev Heydər Əliyevin bu istiqamətdə uğurlu siyasətini davam etdirmiş, Xocalı faciəsinin soyqırım aktı kimi tanınması istiqamətində geniş miqyaslı tədbirlər görmüşdür. 2012-ci il fevral ayının 26-da Xocalı soyqırımının 20-ci il dönümündə Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından "Xocalı soyqırımı " abidəsinə edilən ümumxalq yürüşü onu göstərdi ki, qisas anımız- torpaqlarımızın alınacağı gün uzaq deyil. Və bu gün biz İlham Əliyevin "Dəmir Yumruq" adı altında aparılan müharibə siyasətinə əsaslanaraq əminliklə deyə bilərik ki, qisas alınıb, düşmənlərə isə öz hədləri bildirilib.
Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) – Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qərar qəbul etmişdir.
Sonda öz şəxsi fikirlərimə əsaslanaraq bildirmək istərdim ki, Tarix heç nəyi unutmur. Əgər bir yerdə insanlıq,mənəviyyat təhqir olunub açaldılmışdırsa ,bunu heç bir kəs unutmamalıdır. Xocalı faciəsində axan qanlar bu günədək Azərbaycan xalqının gözlərindən axan qanlı yaş olaraq qalmış və qalacaqdır. Biz bu cinayətkarcasına əməli nə unutmalı, nə də unutdurmamalıyıq ki, həmin dövrdə həyatını itirənlərin ruhu daima şad olsun.
Allah vaxtsız solmuş “Xocalı qönçələrimizə” rəhmət etsin!
Hüquq fakültəsi adından Xocalı faciəsi zamanı həyatını itirmiş hər bir şəxsin ruhunu dərin hüzünlə anır və onlara Allahdan rəhmət diləyirik!
Nigar İsgəndərova
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi
Qeyd: Məqalə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi tərəfindən keçirilən Xocalı Soyqırımına həsr olunmuş yazı müsabiqəsində I yerə layiq görülüb.
