Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında anlaşma memorandumu imzalanıb.
E-huquq.az xəbər verir ki, memorandumun məqsədi fiziki məhdudiyyətli şəxslərin, o cümlədən paralimpiyaçıların hüquq və insan haqları sahəsində birgə fəaliyyətinin inkişaf etdirilməsi, cəmiyyətdə paralimpiyaçıların hüquqlarının təmin edilməsi ilə əlaqədar müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsi, fiziki məhdudiyyət sahəsində birgə beynəlxalq layihə və proqramlarda iştirakı təmin etməkdir. Memorandum, eyni zamanda, paralimpiyaçıların hüquqlarının təminatına dair mütərəqqi beynəlxalq standartların və təcrübənin ölkəmizdə tətbiqi imkanları və perspektivləri ilə bağlı müzakirələrin, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsini, mövcud olan infrastrukturdan istifadələrinə əngəl yaradan maneə və baryerlərin aşkara çıxarılmasını və aradan qaldırılmasını əhatə edən tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur.
Memorandumu Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıblar.
