- 09:08
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub.
E-huquq.az xəbər verir ki, bu dəfə cari ilin yanvar-avqust ayları ərzində qeydə alınmış statistik məlumatlar media nümayəndələrinin diqqətinə çatdırılıb.
İlk olaraq 8 ay ərzində istehlakçılara satılan qazın həcmini diqqətə çatdıran Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu rəqəmin 4,9 milyard kubmetr olduğunu bildirib.
Satılan qazın dəyərinin 100,3%-nin toplandığını qeyd edən qurum rəsmisi bu dövr ərzində yeni qeydiyyata alınmış abonentlərin sayını da açıqlayıb. Yanvar-avqust ayları ərzində 43 073 yeni abonentin qeydiyyata alınması ilə ölkə üzrə istehlakçı sayının 2 554 603-ə çatdığı vurğulanıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlıq barədə ətraflı məlumat verib. Şöbə rəisi qeyd edilən mövsümə SOCAR “Azəriqaz” İB-nin tam hazır olduğunu bildirib ki, burada da fors-major halları istisnadır.
Eldəniz Vəliyev media nümayəndələrinin diqqətinə Birliyin işçi sayında qeydə alınan artımı da çatdırıb. Artıq SOCAR “Azəriqaz” İB-nin ailəsi böyüyərək 10 000 nəfərə çatıb ki, bu da abonentlərə daha sürətli və daha keyfiyyətli xidmətin göstərilməsinə hesablanıb.
"Hər atılan addımın səbəbi abonent məmnunluğudur", - deyə qurum rəsmisi bildirib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.