Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında birgə fəaliyyət planına uyğun olaraq sentyabrın 29-da Hüquq fakültəsində Ulu Öndərin tükənməz irsini əks etdirən kitab sərgisi keçirilib.
E-huquq.az xəbər verir ki, fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən yüzlərlə kitab və digər vəsaitlər nümayiş etdirilib.
Sərgidə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirmiş, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb.
Tələbələr bu kitab sərgisinin keçirilməsinin Ulu öndərin zəngin irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətli və faydalı olduğunu bildirib.
Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam edib.
Qeyd edək ki, kitablar fakültəyə Ədliyyə Nazirliyi tərəfindən təqdim edilib.
