- 15 May 17:22
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak ediblər.
E-huquq.az-ın məlumatına görə, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin rəhbərliyi ilə fakültənin müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburq şəhərinə təlim səfəri davam edir. Təlim səfərinin ikinci günündə Gender bərabərliyi bölməsinin layihə meneceri Danko Runic və Anca Sandescu, Qadınlara qarşı zorakılıq bölməsinin layihə rəhbəri Valentine Josenhans tərəfindən gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizəyə dair Avropa Şurası standartları haqqında mühazirələr keçirilmişdir. Tələbələrin çoxsaylı sualları cavablandırılmış, eləcə də interaktiv formada müzakirələr aparılmışdır. Hüquq fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Tələbədən tələbəyə” layihəsi ekspertlər tərəfindən maraqla qarşılanmışdır.
Təlim səfəri çərçivəsində Hüquq fakültəsinin professor-müəllim və tələbə heyəti Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmişlər. Budəfəki sessiya Avropa Parlamentinin binasında keçirilmişdir. Avropa Parlamentinin binasında müəllim və tələbə heyəti qürur hissi ilə bu gün Qarabağın hər bir guşəsində dalğalanan Azərbaycan bayrağını nümayiş etdirmiş və bayrağımızın fonunda xatirə fotoları çəkdirmişlər. Müəllim və tələbələr parlament dinləmələrində iştirak etmişlər.
Qeyd edək ki, təlim səfərində Hüquq fakültəsinin dekanı Zaur Əliyev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, layihənin eksperti Gülnaz Rzayeva, tələbələr Nizami Mehralıyev, Həmidə Sadıqova, Nəzrin Sadıqova, Eltac Allahyarlı, Səyad Ələkbərov, Nigar Rəhimli, Nihad Rəhimli iştirak edirlər. Tələbələr esse müsabiqəsi əsasında Avropa Şurası tərəfindən seçilmişlər.
Təlim səfəri davam edir.