Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Ramin Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev, Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində işğala son qoyuldu və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən müharibəsində könüllü iştirak edib, bir nəfər məzunumuz isə Şalıyev Ceyhun Nüsrət oğlu şəhidlik zirvəsinə ucalpıb. Z.Əliyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Hüquq fakültəsinin dekanı qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq deyib: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik”.
Fakültə dekanı vurğulayıb ki, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunması, qədim və tarixi diyarımız Xankəndi şəhərində bayrağımızın dalğalanmasının məhz Heydər Əliyev İlinə, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxta təsadüf etməsi böyük rəmzi məna daşıyır. Vaxtilə Ulu Öndərimiz hüquqi, demokratik və güclü Azərbaycan dövlətini qurmaqla bugünkü qələbələrimizin təməlini qoyub.
Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində həyata keçirdiyi uğurlu lokal anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərqərar olunduğunu diqqətə çatdırıb.
Z.Əliyev çıxışında xüsusi olaraq qeyd etmişdir ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın Böyük Qayıdış Proqramını icra etdiyini və 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsinin nəzərdə tutulduğunu bəyan edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov qələbəyə gedən yolun 1969-cu ildə hakimiyyətə gəlmiş Ulu Öndərlə başladığını vurğulayıb, Ümummilli liderin böyük Azərbaycançılıq məfkurəsinin zəfərimizə təsirindən danışıb. Xankəndində keçiriləcək Zəfər paradının memarı olan prezident İlham Əliyevin siyasi kursunun davamlı qələbəmizin yeganə yolu olduğunu inamla bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev hər kəsi Zəfər günü münasibətilə təbrik edib, şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının dövlətin qayğı və himayəsi ilə daim əhatə olunmasını qeyd edib.
Daha sonra çıxış edən deputat Ramin Məmmədov professor-müəllim heyətini, qonaqları və tələbələri Zəfər Günü münasibətilə təbrik edib, qələbəmizə aparan yolda müzəffər Ali Baş Komandanın qətiyyətinin və uzaqgörən siyasətinin önəmini xüsusi vurğulayıb.
Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev Hüquq fakültəsinin tələbələrinə öz tövsiyələrini verib, onları vətənpərvər olmağa, Ali Baş Komandanın siyasi kursuna hər zaman sadiq olmağa səsləyib.
Daha sonra Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Ceyhun Şalıyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra çıxış edən Ceyhunun Şalıyevin ailə üzvü Rəna Məmmədova şəhidimizin qəhrəmanlıq hekayələri barədə danışıb.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları olan Hüquq fakültəsinin məzunları Yusifkamal Paşabəyli və İbrahim Səlimov keçdikləri döyüş yolundan bəhs edib, tələbələrə bu qələbənin davamlı olması üçün daha məsuliyyətli və çalışqan olmağı tövsiyə ediblər.
Sonda fakültənin Vətən müharibəsi işitirakçıları olan məzunlarına Hüquq fakültəsinin 95 illiyi münasibətilə fəxri fərmanlar təqdim edilib.
