Məzmuna keç

Şanlı və tarixi qələbəmiz

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ölkə başçısının prinsipial mövqeyi və qətiyyəti, rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 30 illik həstərə son qoyuldu. Şübhəsiz ki, bu Zəfərin əldə olunmasında arxa cəbhədə vətəndaşlarımızın mənəvi dəstəyi və yüksək ruhi-psixoloji ovqatı mühüm amillərdən oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında birləşərək sözün əsl mənasında böyük xalq olduğunu sübut etdi. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini – sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması ilə ulu öndər Heydər Əliyevin "Azərbaycan üzükdür, Şuşa onun qaşı" sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.

Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.

"Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız 2020-ci il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. "Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi" söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 30 il ərzində işğalçılar tərəfindən viran qoyulmuş torpaqlarımıza bu gün yeni nəfəs verilir. Vətənlərindən didərgin salınan azərbaycanlılar öz doğma yurdlarına geri qayıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Bu gün qalib Azərbaycan bu şanlı tarixi böyük qürur hissi ilə qeyd edir.

Xalqımız bizə bu Zəfəri yaşadan şəhidlərimizin və qazilərimizin şücaətini heç zaman unutmayacaq! Onların misilsiz qəhrəmanlığı gələcək nəsillərə ötürüləcək və tarix boyu yaddaşımızda silinməz olaraq qalacaqdır!

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru