Məzmuna keç

Bayrağımız Xankəndidə dalğalanır, Ordumuz güc nümayiş etdirir!

Azərbaycan Respublikasının Hərbi doktrinasının 28-ci bəndinə əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq hüquq normaları növbəti dəfə kobud surətdə pozularaq, Azərbaycan Respublikasına hücum edilmiş, dövlətin milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları ilə başlayan, 44 gün davam edən vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Bu ilin sentyabr ayının 19-da 24 saatdan da az müddətdə Azərbaycan Ordusu tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq ölkə ərazisində keçirilmiş bir günlük anti-terror əməliyyatı nəticəsində isə Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim edilərək, Azərbaycan Respublikasının suverenliyinin tam olaraq bərpa edilmişdir.

Azərbaycan 30 il davam edən münaqişədə mütləq Zəfər qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qanları və fədakarlıqları yerdə qalmadı. Qazanılmış bu zəfər Ali Baş Komandanın, Azərbaycan ordusunun və bütövlükdə Azərbaycan xalqının zəfəridir.

Azərbaycan Respublikasının Prezidentinin 03 dekabr 2020-ci il tarixli sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Bu gün Zəfər günüdür və biz Xankəndidəyik!

Bu ilin sentyabr ayında separatçılardan təmizlədiyimiz Xankəndi şəhərində hərbi parad keçiririk.

Sonuncu dəfə Xankəndidə hərbi parad 1919-cu ilin iyul ayında Azərbaycan Xalq Cumhuriyyəti dövründə keçirilmişdir.

Bu gün 104 il sonra yenidən tarixi ədalət bərpa olunur. Bayrağımız Xankəndidə dalğalanır, ordumuz güc nümayış etdirir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi Xankəndi paradı Azərbaycan tarixinə böyük və şanlı hadisə kimi həkk olunacaq. Hər birimiz, bütün Azərbaycan xalqı bu günü 30 ildir ki gözləyirdik. Zəfər Günü xalqımızın qürur, sevinc və qələbə günü olaraq qalacaq.

Bu günkü hərbi paradda bütün dünyaya göstərəcəyik ki, xalqımız qalib xalqdır, ordumuz qalib ordudur, Azərbaycanın bütün ərazisi de-yure və de-fakto onun yurisdiksiyasındadır!

Nəticə olaraq qeyd edə bilərik ki:

1. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin etmiş oldu. (MDB ölkələri arasında ilk dəfə və yeganə olaraq)

2. Azərbaycan Cənubi Qafqazın əsas güc sahibidir, ordumuz qafqazın ən güclü və ən böyük ordusudur. Sülh müqaviləsi bağlanarsa Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı Azırbaycan ordusu ola bilər

3. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə sülh müqaviləsi bağlamadığı müddətcə bütün erməni hərbi obyektləri Azərbaycan üçün hərbi hədəflərdir.

Polad Mehdiyev

Vəkillər Kollegiyasının üzvü