Noyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, fakültəmizin müəllimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynovla görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüşün mövzusu “Fikir, vicdan və din azadlığı: Avropa Məhkəməsinin təcrübəsi” olub.
Tədbiri fakültənin dekanı Zaur Əliyev açıq elan edərək bildirib ki, tədbir olduqca əhəmiyyətli bir günə təsadüf edir. Belə ki, 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetində ilk mühazirə oxunub. Tələbələri L.Hüseynovun bioqrafiyası ilə tanış edən Zaur Əliyev bildirib ki, görüşdə müxtəlif kurs tələbələri ilə yanaşı, professor-müəllim heyəti də iştirak edir.
Daha sonra söz Lətif Hüseynova verilib. Professor L.Hüseynov Avropa Şurasına üzv dövlətlərə qarşı olan din, vicdan azadlığı ilə bağlı hüquqların pozuntusunun mübahisələndirildiyi məhkəmə işləri barədə tələbələri məlumatlandırıb, həmçinin dövlətlərin milli qanunvericiliyində bu məsələnin tənzimlənməsinin rolunu qeyd etməklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarında bu məsələyə yanaşma tərzinin mütərəqqi olduğunu, Konvensiyanın rəhbər prinsiplərinə uyğunlaşdığını bildirib. Tələbələrin çoxsaylı sualları cavablandırılıb. Tələbələr bu cür görüşlərin və mühazirələrin keçirilməsinin onların inkişafı baxımından olduqca faydalı olduğunu bildiriblər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Lətif Hüseynovu Hüquq fakültəsinin 95 illiyi münasibətilə fəxri fərmanla təltif edib.
