Xalqın inamından doğulan və bu inamı doğruldan partiya


  • 21 Noyabr 2023 13:30

Zamanın tələbi kimi meydana çıxan və bu gün ölkəmizdə heç bir siyasi qüvvənin ona rəqib ola bilməyəcəyi Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 31 il ötür. Ölkəmizin müstəqillik dövrü siyasi tarixində mühüm yeri və rolu olan bu partiya bu illərdə Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib.

YAP dövrün ictimai-siyasi zərurətindən, ölkə əhalisinin böyük bir şəxsiyyətə - Ümummilli Liderə olan inamının ifadəsindən yaranan ümumxalq partiyasıdır. Yaşlı və orta nəslin nümayəndələrinə yaxşı məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik nəticəsində Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi və hakimiyyətdə olanlar ölkəni dərin siyasi böhrandan xilas etmək gücündə deyildi. Ölkəmiz üçün belə bir mürəkkəb vaxtda – siyasi, iqtisadi böhran və tənəzzül meyillərinin, mənəvi-ideoloji kataklizmlərin günbəgün artdığı zamanda Yeni Azərbaycan Partiyasının yaranmasına böyük ehtiyac yaranmışdı. Zaman bunu tələb edirdi, Azərbaycan Respublikasının gələcəyi, Azərbaycan xalqının taleyi bunu tələb edirdi. Belə bir şəraitdə ölkəmizin 91 nəfər uzaqgörən, ölkənin və xalqın taleyinə biganə qalmayan ziyalısı bir araya gələrək yeni yaranacaq siyasi qüvvəyə – Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün Ulu Öndər Heydər Əliyevə müraciət etmək qərarına gəldi. Onlar yaxşı bilirdilər ki, respublikamızı üzləşdiyi bəlalardan ancaq bu böyük şəxsiyyət xilas edə bilər. 1992-ci il oktyabrın 16-da Ulu öndərə məşhur 91-lərin müraciəti oldu. Ümummilli lider Heydər Əliyevin xalqın səsinə – ziyalıların bu müraciətinə cavabı gecikmədi – o, 1992-ci il oktyabrın 24-də göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi və həmin il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi, Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.

Əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olan Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin böyük siyasi təcrübəsi və nüfuzu sayəsində qısa müddət ərzində sözün əsl mənasında ümumxalq partiyasına çevrildi.

Bu gün ölkəmizin hər yerində bu böyük siyasi qüvvənin – YAP-ın yaradılımasının növbəti ildönümü böyük tənətənə ilə qeyd olunur. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq mən də bu günlər böyük qürur hissi keçirirəm. Qürur duyuram ki, Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu bu partiya müstəqil dövlət kimi Azərbaycanın mövqeyinin dünya birliyində daha da möhkəmlənməsində mühüm rol oynayır. Həm də ona görə qürur duyur və fəxr edirəm ki, bu partiyanın yaradılmasında mənim atamın – məşhur 91-lərdən olan tarixçi alim, sabiq millət vəkili, mərhum Zakir Sərdarovun da xidmətləri olub. O illəri – atamın Heydər Əliyev şəxsiyyətinə rəğbətini və Azərbaycanı üzləşdiyi problemlərdən məhz onun xilas edəcəyinə dərin inamını yaxşı xatırlayıram. Bu gün, uğrunda hər cür fədakarlığa hazır olduğu bir partiyanın yaradılmasının növbəti ildönümü ərəfəsində atamın da ruhunun şad olduğuna inanıram.

Ulu öndərin təkcə Azərbaycanda və keçmiş SSRİ məkanında deyil, bütün dünyada məşhur olduğunu dönə-dönə vurğulayan atam Zakir Sərdarov deyərdi ki: “Ən böyük xalqların müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevə həsədlə baxır, özlərinin belə bir böyük şəxsiyyəti olmadığına təəssüflənirlər”.

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və yarandığı gündən ümumxalq partiyasına çevrilən dünənin, bu günün və gələcəyin partiyası – Yeni Azərbaycan Partiyası müasir çağırışlara uyğun hər bir yeniliyi, təkmilləşməni öz fəaliyyətində tətbiq edərək xalqın bütün istək və arzularının reallığa çevrilməsinə öz töhfələrini verir. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, Azərbaycanın dünya birliyində yeri və rolunun daha da artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.

Əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyan bu partiyanın bugünkü uğurlarının çox ciddi tarixi və siyasi əsasları vardır. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib cəmiyyətin avanqard siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası daim xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiya Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Bu gün inamla deyə bilərik ki, YAP milli iradəni təmsil edən avanqard siyasi qüvvədir və ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki öncül yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır.

YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfə verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında mühüm rol oynayaraq müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib, ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.

Son üç ildə YAP-ın yaradılmasının ildönümünü ölkəmizdə təkcə partiyanın üzvləri deyil, bütün Azərbaycan Zəfər ab-havasında qeyd edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi və yarandığı gündən uğurlara imza atan YAP-ın son dövrdəki ən böyük uğuru xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsinin yazılması - Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası oldu.

Bu gün hər Azərbaycan vətəndaşında belə bir möhkəm inam var ki, YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Çünki ölkə başçısı möhtərəm İlham Əliyevin də dediyi kimi: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür”.

Vüqar Sərdarov

Elmi-mədəni Mərkəzin direktor müavini

YAP Səbail rayonu A.Zeynallı 20 ərazi təşkilatının sədri

Oxşar xəbərlər