"IBCCS TAX" şirkətinin idarəedici partnyoru Cezari Zieniuk və regional direktor İrakli Arjevanidze "Mirzayev and Partners Law Firm" hüquq şirkətində olublar. Şirkətin rəhbəri, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev qonaqlara şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüş zamanı iki şirkət arasında gələcək əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb. Görüşdən məmnunluğunu ifadə edən qonaqlar "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək kollektivə fəaliyyətində uğurlar arzu ediblər.
Daha sonra Cezari Zieniuk e-huquq.az-a açıqlamasında "IBCCS TAX" şirkəti barədə məlumat verib.
O bildirib ki, "IBCCS TAX" vergi sahəsində xidmətlər göstərir: "Şirkətimiz Beynəlxalq Vergi Assosiasiyasının üzvüdür. Hazırda Kipr, Gürcüstan, Estoniya və digər ölkələrdə ofislərimiz yerləşir. Malta, Lyuksemburq, Lixtenşteyn, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə də fəaliyyətimizi qururuq. Qeyd edim ki, biz şirkət olaraq sərmayədarlara bizneslərinin yaradılmasına yaxud relokasiyasına dəstək göstəririk. Bundan əlavə, mühasibat uçotu, hüquq xidmətləri kimi digər xidmətlər də göstəririk. Biz həm korporativ müştərilərlə, həm də fiziki şəxslərlə işləyirik. Müştərilərimiz digər ölkələrdə biznes fəaliyyətinə başlamaq istədiyi zaman ilk növbədə düzgün qərarların verilməsi və addımların atılması üçün lazımi məlumatları toplayıb onlara təqdim edirik. Daha sonra xarici ölkələrdə şirkətin təsis olunması, ona hüquqi yardımın göstərilməsi, müvafiq lisenziya və sertifikatların alınması və fəaliyyəti ilə əlaqədar digər sahələrdə xidmət göstəririk".

C.Zieniuk Azərbaycan iqtisadiyyatının çox dinamik inkişaf etdiyini söyləyib: "Xarici vətəndaşların və hüquqi şəxslərin Azərbaycanda daşınmaz əmlak bazarına, maliyyə sektoruna yatırımını müşahidə etmişik. Gürcüstanın iş adamları da Azərbaycanda olan biznes imkanları ilə kifayət qədər maraqlanırlar. İş adamı olaraq Azərbaycandakı bazar iqtisadiyyatı ilə tanış olmaqdan mən də çox məmnun oldum. Ölkənizdəki inkişaf bizi çox məmnun etdi. Azərbaycanda beynəlxalq brendlərin sayının bu qədər çox olduğunu gördükdə təəcübləndim".
İrakli Arjevanidze isə Azərbaycan sahibkarlarına xarici bazarlara çıxmaqda dəstək ola biləcəklərini deyib: "Azərbaycanda bir neçə Gürcüstan şirkətinin faəliyyət göstərdiyini bilirik. Əminəm ki, bu şirkətlər fəaliyyətini qurmağa başlayan zaman Azərbaycanda hüquq, vergi və mühasibatlıq xidmətlərinin göstərilməsinə ehtiyac duyublar. Eyni şəkildə biz də "IBCCS TAX" olaraq Azərbaycandakı investorlara Gürcüstanda və digər ölkələrdə bu xidmətlərin göstərilməsindən məmnun olardıq".

Sonda müsahiblərimiz ölkəmizdə göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər: "Paytaxtınızı çox bəyəndik. Bizim mədəniyyətlərimiz arasında oxşarlıqlar çoxdur. Bu məqam işimizi kifayət qədər asanlaşdırır. Hesab edirik ki, birgə əməkdaşlıq sayəsində daha da inkişaf edə bilərik".


