Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar uğurla davam edir


  • 29 Noyabr 2023 12:45

Biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq…

Penitensiar sistemi çox çətin və ağır sahədir…Biz çalışırıq ki, cəza yerlərini müasir tələblərə, Avropa standartlarına uyğunlaşdıraq”…

Ümummilli Lider Heydər Əliyev

Xalqımızın gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atmışdır. Ümummilli Liderin birinci rəhbərliyi dövründə 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin - Azərbaycan ədliyyəsinin fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi gələcək inkişafı üçün əlverişli zəmin yaratdı.

Heydər Əliyevin rəhbərliyi dövründə möhkəm hüquqi təməl üzərində qurulmuş Azərbaycan dövlətçiliyi bu gün onun layiqli davamçısı, dövlətimizi dünyada daha qüdrətli və qalib dövlət kimi tanıdan, güclü iradəsi, uzaqgörən siyasəti və diplomatik məharəti nəticəsində 30 ildən sonra xalqımıza qalibiyyət hissini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurlara doğru irəliləməkdədir.

Ədliyyə və məhkəmə-hüquq islahatları da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatların müəllifi Prezident İlham Əliyev ötən 20 il ərzində qəbul olunmuş çoxsaylı qanunlar, imzaladığı mühüm fərman və sərəncamlar bu sahədə fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət etmişdir. 2006-cı ildə Ədliyyə Nazirliyinin yeni əsasnaməsi qəbul edilərək və ona hüquq mühafizə orqanı statusu verildi. Strukturu təsdiq olunmaqla nazirlikdə yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, müxtəlif reyestrlər yaradılmışdır. Qeyd edək ki, Ədliyyənin inkişafına dair habelə ayrıca Dövlət Proqramları da qəbul olunmuşdur.

Azərbaycanda qanunun aliliyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını siyasətinin ən mühüm prioriteti kimi müəyyən edən Prezident İlham Əliyev bunu ötən müddət ərzində insanlara qayğıkeş münasibəti, humanist fəaliyyəti ilə sübut etmişdir. Prezidentin 20 il ərzində imzaladığı 37 əfv fərmanı və sərəncamı, özünün və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə on minlərlə məhkum azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur. Dövlət başçısının cari ilin mayında Ümummilli Liderin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamı müstəqillik dövrümüzün ən böyük əfv aktı olmuşdur.

Məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı da dövlətimizin daim diqqətində olmuş, 2007-ci ildə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" ayrıca qanun qəbul edilmişdir.

Ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Bakıda yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib. Penitensiar sistemdə aparılan mütərəqqi islahatlar məhkumların hüquqlarının qorunması üzrə görülən ardıcıl tədbirlər, əfv və amnistiya aktlarının geniş tətbiq olunması həyata keçirilən humanizm siyasətindən bəhs edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan mütərəqqi islahatlar çərcivəsində 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. Həmin il noyabr ayının 21-də ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Yeni rəis M.Seyidovun uzun müddət peşəkar fəaliyyəti bu sahədə şəffaflığın artırılmasına, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı dövlət başçısının tələblərinin daim rəhbər tutulmasına, əməkdaşların məsuliyyət hissinin və tələbkarlığın yüksəldilməsinə, etik davranış qaydalarına dönmədən əməl edilməsinə, sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qarşısının qətiyyətlə alınmasına xidmət edəcəkdir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sahədə aparılan islahatlar, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı görülən ardıcıl tədbirlər görülür. Cənab Prezidentin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı və "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının icrası üzrə görülən tədbirlər fonunda ədliyyə naziri Fikrət Məmmədov iştirakı ilə noyabrın 17-də paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş müasir penitensiar kompleks istifadəyə verilib. Beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan - cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumların, təcridxanada isə təqsirləndirilən şəxslərin saxlanılması nəzərdə tutulur. Həmçinin, müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub. Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində Tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur. Yeni penitensiar kompleksin istifadəyə verilməsi dövlət başçısının humanizminin, azadlıqdan məhrum edilmiş şəxslərə diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Penitensiar xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədi ilə orta və böyük rəis heyətinə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması və müxtəlif peşə sahələrinə yiyələnmələri üçün növbəti tədbirlər həyata keçirilməkdədir.

Respublikamızda ədliyyə-hüquq sistemində aparılmış islahatlar, məhkəmələr üçün müasir infrastrukturun yaradılması, informasiya texnologiyalarının və yeniliklərin tətbiqi beynəlxalq ekspertlər tərəfindən təqdirəlayiq nailiyyət və qanunçuluğun tam mənada təmin edilməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, dövlət başçısının 2023-cü il 21 noyabr tarixli sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib. Bu da Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürüdür.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər