"Hüquq" MTK-ya məxsus binanın sakinləri narazıdır - VİDEO


  • 11 Dekabr 2023 10:18

Bakıda sakinlər yaşadıqları binada Mənzil-Tikinti Kooperativi rəhbərliyindən şikayət edirlər. Söhbət Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və "Hüquq" MTK-nın 20 il əvvəl inşa etdiyi yaşayış kompleksindən gedir.

E-huquq.az-a müraciət edən sakinlər MTK tərəfindən yaradılan Mənzil Müştərək Mülkiyyətçiləri Cəmiyyətinin fəaliyyətindən, evlərinə çıxarış ala bilməmələrindən və kompleks ətrafında aparılan qanunsuz tikinti işlərindən narazılıqlarını dilə gətiriblər.

Yaşayış kompleksinin sakini Əkbər Ələkbərov bildirib ki, onun məlumatı olmadan adı MTK tərəfindən yaradılan Mənzil Müştərək Mülkiyyətçiləri Cəmiyyətinin idarə heyətinin üzvlüyünə daxil edilib:

“Mənim rəyimi soruşmadan, maraqlanmadan müxtəlif iclaslarda hansısa qərarların qəbul olunmasında adımdan istifadə edilib. Bina sakinlərinin mənafelərinə zidd müxtəlif qərarlar qəbul olunub. Sakinlər Mənzil Müştərək Mülkiyyətçiləri Cəmiyyətinin fəaliyyətindən narazıdır. Bina sakinləri Ədliyyə Nazirliyinin Qeydiyyat Baş İdarəsinə müraciət edərək bu MMMC-nin ləğv edilməsini, özlərinin ümumi yığıncağında təsis etdikləri Mənzil Müştərək Mülkiyyətçiləri Cəmiyyətinin qeydiyyata alınmasını xahiş edib. Hələ ki, bununla bağlı cavab gözləyirik.

Üstəlik, biz illərdir mənzillərimizin çıxarışını ala bilmirik. Çıxarışın əldə olunmasına görə lazım olan sənədləri təqdim etmək üçün qanunsuz olaraq bizdən pul tələb olunur.

Bizi narahat edən başqa bir məsələ isə binanın istifadəsində olan həyətyanı sahədə qeyri-qanuni tikinti işlərinin aparılmasıdır. Haqlı narazılığımızı bildirdikdə isə təzyiq göstərilir. Xahiş edirəm ki, bütün bu qanunsuzluqlar barədə lazımi tədbirlər görülsün”.

Kompleksin digər sakini Ağa Ağayev də MTK-nın fəaliyyətindən narazılığını dilə gətirib: “Burada vətəndaşların istifadəsi üçün 11 lift nəzərdə tutulub. Liftlərdən biri qanunsuz olaraq bankın istifadəsinə verilmişdi. Məhkəmə liftin sakinlərin ixtiyarına verilməsi barədə qərar qəbul etdi və nəhayət illər sonra sakinlər bu liftdən istifadə edə bilir. Lakin layihədə nəzərdə tutulan 2 lift isə bu günə kimi quraşdırılmayıb. Səhər və axşam saatlarında liftin qarşısında uzun növbə yaranır. Camaat dərsə, işə gecikir.

Bundan başqa, kommunal xərclər adı ilə vəsait toplanır, lakin həmin vəsait bina üçün xərclənmir. Mənzil Müştərək Mülkiyyətçiləri Cəmiyyəti isə sakinlər üçün heç bir iş görmür".

Məsələ ilə bağlı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Gülnar Cəbrayılova isə saytımıza açıqlamasında sakinlərin iddialarının əsassız olduğunu deyib: "Burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Bu şəxslər illərdir kommunal xərcləri ödəmir. Ona görə də belə hay-küy salırlar. Araşdırıb baxsanız, onların nə qədər kommunal borclarının olduğunu görə bilərsiniz".

Məsələ ilə bağlı, MTK-nın hüquqşünası ilə əlaqə saxlamağa çalışsaq da, istəyimizə nail ola bilmədik.

Ətraflı aşağıdakı videoda:

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər