“Hüquq fakültəsi hüquq elminin inkişafı və hüquqşünas kadrların hazırlanması sahəsində əsas aparıcı elmi mərkəzdir”.
Bu sözləri e-huquq.az-açıqlamasında Hüquq fakültəsinin dekanı Zaur Əliyev söyləyib.
O, Hüquq fakültəsinin 95 il ərzində qət etdiyi yola qısa nəzərə salıb: “Fakültəmiz 95 il ərzində şərəfli yol qət edib. Bu illər ərzində fakültə yüksək ixtisaslı peşəkar hüquqşünas kadrlar yetişdirməklə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarını, dövlət qurumlarını yüksək ixtisaslı kadrlarla təmin edib. Bu mənada hesab edirəm ki, fakültə hüquq üzrə kadrların hazırlanması sahəsində əsas aparıcı elmi mərkəzdir”.
Z.Əliyev Hüquq fakültəsinin inkişaf mərhələsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “Məhz Heydər Əliyev tərəfindən hüquq sahəsində milli kadrların hazırlanmasına dair göstərişin verilməsi, eyni zamanda Ulu öndərin bu sahədə keçirdiyi islahatlar hüquq elminin və hüquq təhsilinin yeni mərhələdə inkişafını təmin etdi. Bu sahədə Ulu Öndərin formalaşdırdığı siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələr təhsilimizin inkişafına mühüm töhfələr verib. İnanırıq ki, fakültə böyük ənənə və yüksək təcrübəyə əsaslanaraq və digər ali təhsil müəssisəsləri ilə səmərəli əməkdaşlığı inkişaf etdirərək öz dayanıqlı inkişafını təmin edəcək”.
