Məzmuna keç

Əli Hüseynli: “Heydər Əliyevin fəaliyyətinin mühüm bir hissəsi hüquq elmi ilə bağlı olub”

“Heydər Əliyevin fəaliyyətinin mühüm bir hissəsi hüquq elmi və hüquqşünaslıq peşəsi ilə bağlı olub”.

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə Bakı Dövlət Universitetinə xüsusi münasibət göstərib: "Bu baxımdan BDU-da Ulu Öndərin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin yüksək səviyədə keçirilməsi təqdirəlayiq haldır. Eyni zamanda bu gün Hüquq fakültəsinin 95 illiyinin qeyd olunması həm də rəmzi məna daşıyır. Çünki Heydər Əliyevin fəaliyyətinin mühüm bir hissəsi hüquq elmi və hüquqşünaslıq peşəsi ilə bağlı olub. Hələ 1960-cı illərdə dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdə Heydr Əliyev peşəkar hüquqşünas kimi həmin dövrdə Qarabağda baş qaldıran separatizmə qarşı uğurla mübarizə aparıb. 1967-ci ildə məhz onun prinsipiallığı nəticəsində azərbaycanlılara qarşı cinayət törədən erməni separatçıları ən ağır cəzaya məhkum edildi. Bununla da sonrakı illərdə belə separatizmin qarşısı alındı”.

Ə.Hüseynli vurğulayıb ki, Ulu Öndər qanuna, insan hüquqlarına, demokratiyaya daim ehtiramla yanaşıb: “1978-ci ildə Sovet Azərbaycanının Konstitusiyası hazırlanarkən Heydər Əliyev özü birbaşa bu işə rəhbərlik edib. Onun iradəsi və qətiyyəti nəticəsində o zaman Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qeyd olunub. Heydər Əliyev bir şəxsiyyət kimi qanuna, insan hüquqlarına, demokratiyaya daim ehtiramla yanaşıb. O, 1993-cü ildə hakimiyyətə gələn kimi demokratik-hüquqi islahatlara başladı. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə mütərəqqi Konstitusiya qəbul edildi. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər dövrünün ən böyük hüquqşünası olub. Heydər Əliyevin siyasətinə sədaqətlə xidmət şəxslərin sırasında hüquq fakültəsinin məzunlarının olması qürurvericidir. Əminik ki, fakültənin məzunları bundan sonradan dövlətə, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edəcəklər. Milli Məclis adından fakültənin 95 illik yubileyini təbrik edir, konfransın işinə uğurlar arzulayıram”.