Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiqləyib.
Nazirlər Kabinetindən e-huquq.az-a verilən məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Reyestrin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və proqramtexniki vasitələrin nüsxələri bu mərkəzdə saxlanılır.
Reyestrin strukturu aşağıdakılardan ibarətdir:
– turizm ehtiyatları;
– turizm məhsulları;
– turizm sənayesinin subyektləri:
– yerləşmə vasitələri;
– turoperator və turagentlər;
– turizm bələdçiləri;
– aqroturizm obyektləri;
– məsuliyyətli ekoturizm obyektləri;
– çimərlik operatorları;
– özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm obyektləri;
– işgüzar turizm subyektləri;
– ictimai iaşə obyektləri;
– turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər;
– əyləncə obyektləri;
– turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər;
– “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs, onun filial və nümayəndəlikləri;
– turizm sənaye assosiasiyaları;
– sənətkarlar;
-turizm təqvimləri;
– turizm sahəsində statistik məlumatlar;
– turizm sahəsində aparılmış monitorinqlərin nəticələri:
– turizm sənayesi subyektləri tərəfindən bu Qaydaya uyğun olaraq Reyestrə daxil edilmiş məlumatların monitorinqinə dair Agentliyin qeydləri;
– turizm sənayesi subyektləri tərəfindən Reyestrə daxil edilmiş məlumatların əsasında
sistem tərəfindən formalaşdırılan reytinq cədvəlləri.
Reyestrə turizm ehtiyatları və turizm məhsulları barədə aşağıdakı məlumatlar daxil edilir:
– turizm ehtiyatının növü, adı, ünvanı və ya yerləşdiyi ərazi, xarakterik xüsusiyyətləri, əlaqə vasitələri;
-t urizm məhsulunun növü, xarakterik xüsusiyyətləri və əldə edilmə üsulları.
Reyestrə turizm sənayesinin subyektləri barədə aşağıdakı məlumatlar daxil edilir:
– ümumi məlumatlar: obyektin adı, ünvanı və ya yerləşdiyi ərazi, şəkil, əlaqə vasitələri, il ərzində fəaliyyət göstərdiyi müddət, iş vaxtı, rəhbərin adı, soyadı və ata adı, hüquqi şəxsin adı və dövlət qeydiyyatına alındığı tarix, filial və nümayəndəliyi barədə məlumat, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ödəniş üsulları, işçilərin sayı və təlim ehtiyacları, yaratdıqları turizm məhsulları barədə və turizm sənaye assosiasiyalarına üzvlük barədə;
Ayrıca daxil edilməli olan məlumatlar:
– yerləşmə vasitələri üzrə: ulduz kateqoriyası, otaqların sayı, (ər bir təsnifat üzrə), yataqların sayı;
– turoperator və turagentlər üzrə: Mülki Məcəlləyə uyğun olaraq öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülki məsuliyyət sığortası barədə məlumat (olduğu halda), fəaliyyət növü, fəaliyyət istiqaməti, turistlərin (alıcıların) turoperator və ya turagent tərəfindən göstərilən turizm xidmətlərinə dair şikayətlərinin idarə edilməsi, turistlərlə (alıcılarla) bağlanılmış müqavilələrin ləğvi və kompensasiya siyasəti;
– turizm bələdçiləri üzrə: ad, soyad, ata adı, doğulduğu tarix və yer, dil bilgiləri, bələdçilik etdiyi region və mövzu, təhsili, müvafiq sahə üzrə təhsilini və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), ilkin tibbi yardımın göstərilməsi üzrə təlimdə iştirakını təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, əməkdaşlıq etdiyi turagentlərin adları və əlaqə vasitələri barədə;
– aqroturizm obyektləri üzrə: ixtisaslaşdığı kənd təsərrüfatı sahəsi, turistlərə göstərilən xidmətlər;
– məsuliyyətli ekoturizm obyektləri üzrə: turistlərə göstərilən xidmətlər;
– çimərlik operatorları üzrə: çimərlikdə göstərilən əlavə xidmətlər;
– özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm obyektləri üzrə: fəaliyyət göstərdiyi sahələr və hər bir sahə üzrə bu Qayda ilə müəyyən edilmiş məlumatlar;
– işgüzar turizm subyektləri üzrə: təşkil edilən tədbir növləri;
– ictimai iaşə obyektləri üzrə: qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış, ixtisaslaşdığı kulinariya sahəsi, menyu, obyektin sahəsi və oturacaqların sayı;
– turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər üzrə: nəqliyyat vasitələrinin və hər bir nəqliyyat vasitəsi üzrə oturacaqların sayı, sürücülərin sayı və dil bilgisi, xidmət göstərdikləri şəhərlər (rayonlar);
– əyləncə obyektləri üzrə: əyləncə xidmətlərinin növləri;
– turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər üzrə: ixtisaslar, proqramlar (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ayrıca göstərilməklə) və müddəti, təlimçi sayı, illər (aylar) üzrə məzun (iştirakçı) sayı;
– “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs, onun filial və nümayəndəlikləri üzrə: əhatə olunan regionlar, təklif edilən xidmətlər, turizm informasiya məntəqələri haqqında məlumat;
– turizm sənaye assosiasiyaları üzrə: fəaliyyət növü və üzvlərin sayı, göstərdiyi xidmətlər;
– sənətkarlar üzrə: məşğul olduğu sənətkarlıq sahəsi, müvafiq sahə üzrə təhsil və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, istehsal etdiyi sənətkarlıq nümunələrinin fotoşəkilləri.
Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edir. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir.
