“İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında təqsirləndirilən şəxslər barəsində məhkəmələr tərəfindən əksər hallarda həbs qətimkan tədbiri seçilir. Demək olar ki, 99 faiz halda bu vəsatət və təqdimatlar təmin olunur. Ehtiyac olmadığı halda insan barəsində ən ağır qətimkan tədbiri seçilir. Halbuki, Cinayət Prosessual Məcəlləsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar müəyyən edilib”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.
Vəkil bu sahədə məhkəmə təcrübəsini təndiq edib: “Məhkəmənin hazırlıq iclasında şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslı vəsatətlər verilir. Lakin 99 faiz halda o vəsatətlər təmin olunmur. Belə bir məhkəmə təcrübəsi yaranıb ki, istintaq dövründə təqsirləndirilən şəxs barəsində hansı qətimkan tədbiri seçilibsə, o da qüvvədə saxlanılır. Yəni məhkəmənin öz mövqeyi olmur. Məhkəmə deyir ki, məsləhət olsaydı, istintaq orqanı həmin şəxsi həbs etməzdi. Bu, düzgün yanaşma deyil. Həbs qətimkan tədbiri ağır bir tədbirdir. Şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəsna hal olmalıdır. Əgər bu insan istintaqdan yayınmırsa, ifadə verirsə, istintaq dövründə bir problem yaratmırsa, gizlənmirsə, onu həbs etməyə nə ehtiyac var?”.
Ş.Mirzəyev deyib ki, əksər hallarda həbs-qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanları tərəfindən verilən təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur: “Bu gün istintaq təcridxanalarında normadan artıq şəxs saxlanılır: “Nümunə kimi Bakı İstintaq təcridxanasını götürmək olar. Bu təcridxana 2500 nəfər üçün nəzərdə tutulub. Amma təxminən 4 500 nəfərdən çox insan orada saxlanılır. Həmin şəxslərdən sonradan bəraət alanlar olur. Belə çıxır ki, səbəbsiz yerə onlar həbsdə qalıblar, ömürlərindən illər gedib. Bəs onların pozulmuş hüquqları, itirilmiş nüfuzları necə bərpa olunacaq? Cəmiyyət artıq onları cinayətkar kimi qəbul edir”.
Vəkil məhkəmələri həbs-qətimkan tədbirinin seçilməsi zamanı diqqətli olmağa çağırıb: “Məhkəmələr bu məsələdə diqqətli olmalıdır. Məhkəmələr istintaq orqanlarının icraatçı mexanizmə çevrilməməlidirlər. Məhkəmə hakimiyyəti müstəqildir. Məhkəmə işi araşdırsın baxsın ki, bu insan barəsində həbs qətimkan tədbirinin seçilməsi doğrudanmı zəruridir? Müasir dövrdə texnoloji imkanlardan istifadə olunur. Təqsirləndirilən şəxsi izləmə mexanizmləri var. Hansı müstəntiq deyə bilər ki, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilən şəxs istintaqdan qaçıb gizlənib? Bu, çox nadir hallarda ola bilər. Biz işimizi ənənəvi mexanizm üzərində işimizi aparmamalıyıq. Vəkil kimi icraatımızda onlarla iş var ki, ehtiyac olmadan, sübutu zəif olan ittihamla insanlar barəsində həbs qətimkan tədbiri seçilir. Onların arasında ağır xəstələr də var. Halbuki həmin insanların bəziləri törətdiyi cinayəti etiraf edir, zərəri də ödəyir, səmimi peşmançılığını ifadə edir. Bu, o deməkdir ki, artıq bu şəxs islah olunub. Qətimkan tədbirinin tətbiqi və ümumən cəzanın verilməsində məqsəd kiməsə fiziki və ya mənəvi əzab vermək olmamalıdır. Məhkəmə-hüquq islahatları bu məsələdə özünü göstərməlidir”.
Şəbnəm Mehdizadə
