Məzmuna keç

Sahibkar Həbibov Ələkbər Bakı Apellyasiya Məhkəməsinin bəyanatına cavab verdi

“Bakı Apellyasiya Məhkəməsinin mənim şikayətimlə bağlı yaydığı bəyanat təəssüf doğurur”.

E-huquq.az xəbər verir ki, bunu tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov deyib.

O, məhkəmənin öz bəyanatında bir-birinə zidd fikirlər səsləndirdiyini söyləyib:

“Bakı Apellyasiya Məhkəməsi yaydığı bəyanatda işin hallarına toxunur, sanki qətnaməni müzakirəyə çıxarır. Halbuki müvəqqəti təminat tədbiri ilə bağlı qərarda işin halları müzakirə olunmur. Bundan başqa, məhkəmə mənim davamlı olaraq icarə haqqını ödədiyimə dair qəbzlərə əhəmiyyət vermir və iddia edir ki, guya mən davamlı olaraq 20 gün icarə haqqını gecikdirmişəm. Buna görə də icarə müqaviləsinə xitam verilməsini əsaslı sayır. İcarə haqqını ödəmədiyim halda mülkiyyətçi məni məhkəməyə verə bilərdi. Mən bu illər ərzində mülkiyyətçiyə 1 milyon manatdan çox icarə haqqı ödəmişəm.İcarə müqaviləsinə ya tərəflərin razılığı ilə ya da məhkəmə qaydasında xitam verilə bilər. Məhkəmə öz bəyanatında bunu da qeyd eləmir Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan qərardadların müvəqqəti xarakter daşıdığı qeyd olunur. Halbuki, həmin qərardadlar faktiki olaraq işin mahiyyətini həll edir. Restoranın fəaliyyətinə qadağa qoyulub. Bu qərar nə dərəcədə qanuni və ədalətlidir?”

Ə.Həbibov deyib ki, Bakı Apellyasiya Məhkəməsi cavabdeh tərəfin müdafiəçisi kimi çıxış edir: “Məhkəmənin hakimləri Təranə Mahmudova, Elnur Həsənov və Ziya şirinov bu ədalətsiz qərarla mənim 6 illik əziyyətimi, bura qoyduğum 2 milyondan çox sərmayəni heç etdilər. Onalr düşünmədilər ki, Azərbaycan Respublikasının adından çıxardıqları bu qərarla qanuni fəaliyyət göstərən sahibkara necə ağır zərbə vurdular. İndi Bakı Apellyasiya Məhkəmə sanki qarşı tərəfin müdafiəçisi kimi çıxış edir. Hakimlər barəsində intizam icraatı başlamaq əvəzinə, onların bu qanunsuz qərarına haqq qazandırır”.

Sahibkar bu qərarla yanlış məhkəmə təcrübəsinin yarandığını bildirib: “Mən bu məsələni bir çox təcrübəli vəkillərlə müzakirə etmişəm, onların fikirlərini öyrənmişəm. Hər biri təəccüblənir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılan işlə bağlı necə belə qərardad qəbul edə bilər? Onlar bu qərarı mənfi təcrübə kimi qiymətləndirilər. Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin yaratdığı bu yanlış məhkəmə təcrübəsindən bundan sonra da bir çox sahibkar əziyyət çəkəcək. Analoji işlərdə həmin hakimlərin birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbiri haqqında qərardadlarını qüvvədə saxlaması məni təəccübləndirər. Maraqlıdır ki, Elnur Həsənov və digərləri həmin qərarların qüvvədə saxlanılmasını necə əsaslandıracaq? Hakimin borcudur ki, işə düzgün, obyektiv və ədalətli yanaşsın, qanuni qərar çıxarsın. İstəməzdim ki, Elnur Həsənov kimi hakimlərin çıxardığı qərarlar digərlərinə də nümunə olsun”.

Ə.Həbibovun fikrincə, sözügedən qərar ölkəmizdə sahibkarlığın inkişafı sahəsində görülən işlərə zərbə vurur: “Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Lakin Elnur Həsənov kimi hakimlərin qanunsuz qərarları məhkəmələrə olan inamı sarsıtmaqla bərabər, sahibkarlığın inkişafına da zərbə vurur. Təsəvvür edin ki, qərardan elan edildikdən 15 dəqiqə sonra icra məmuru zəng edərək obyekti bağlmağa getdiklərini deyir. Bu, qərəz deyilsə, nədir? İcra məmurunun bu qədər qısa müddətdə qərardaddan necə xəbəri oldu? Qərardad hələ heç sistemə yüklənməmişdi, icra şöbəsinə yönəldilməmişdi. Məgər icra məmuru şifahi sifariş əsasında işləyir? Mənə könüllü icra ilə bağlı məktub gəlmədən, hüquqlarım izah olunmadan icra məmuru necə dərhal hərəkətə keçir? Ətrafımda məhkəmə qərarının illərdir icra olunmamasından narazı olan sahibkarlar var. İllərdir icrasını gözləyən saysız-hesabsız məhkəmə qərarı olduğu halda, necə olur ki, mənimlə bağlı qərar 15 dəqiqə sonra icra olunmağa başlayır?”.

Sahibkar üzləşdiyi haqsızlıq bağlı dövlət başçısından kömək istəyib: “Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Mən öz adımdan və kollektivimiz adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıram. Bilirəm ki, cənab Pezident hər zaman sahibkalara, idmançılara dəstək olur. Mən də bir sahibkar və idmançı kimi bu məsələdə mənə dəstək olmasını xahiş edirəm. Restoranda çalışan 40-dək insan bu gün qanunsuz məhkəmə qərarı ucbatından işsiz qala bilər. Onların hər birinin bu işə ehtiyacı var, burada işləyib ailələrinə çörək pulu aparırlar. Əməkdaşlarımız arasında müharibə iştiakçıları da var. Hamısı halal zəhməti ilə işləyib buradan maaş alır. Onları çətin vəziyyətdə qoymaq olmaz. Dövlət başçısından xahiş edirəm ki, bu qanunsuzluğa son qoyulması üçün məsələni nəzarət götürsün. Bizə dəyən zərər ödənilsin. Haqq-ədalət öz yerini tapsın”.