Mediasiya Şurasının İntizam Komissiyasının yeni tərkibi formalaşdırıldı -

Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə Şuranın İntizam Komissiyasının yeni tərkibi formalaşıb.

Şuradan e-huquq.az-a verilən məlumata görə, İntizam Komissiyası yaranan gündən Komissiyaya rəhbərlik etmiş Sima Yaqubova öz arzusu ilə İdarə Heyətinə müraciət edərək İntizam Komissiyasının sədrliyindən və üzvlüyündən azad olunmağı xahiş edib. Eyni zamanda İntizam Komissiyasının üzvü Bəylər Məmişov Zərdab rayonuna xüsusi notarius təyin olunduğu üçün İntizam Komissiyası üzvlüyünə və mediator fəaliyyətinə xitam verilməsi barədə Şuraya ərizə ilə müraciət edib.

Bunları nəzərə alaraq, Şuranın İdarə Heyəti Mediasiya Şurasının İntizam Komissiyasında 3 nəfər əvvəlki tərkibdən işini davam etdirməklə, Komissiyaya yeni iki üzvlərin qəbul edilməsi məsələlərinə baxıb. Mediator Oğul Kərimov və mediator Rafael Cabbarov İntizam Komissiyasının yeni üzvləri seçilib.

Eyni zamanda Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd Komissiyanın sədri seçildiyi üçün Şuranın Daxili Audit Komitəsinin sədri vəzifəsindən öz ərizəsi ilə azad edilib. Eyni zamanda Mayıl Əhməd İntizam Komissiyasının sədri olmaqla bərabər, Şuranın Daxili Audit Komitəsində İntizam Komissiyasının nümayəndəsi qismində də faəliyyətini davam etdirəcək.

Mediasiya Şurasının İntizam Komissiyasının tərkibində iki yeni üzv və 3 öncəki üzv olmaqla, yeni tərkib aşağıdakı kimi formalaşdırılıb:

Mayıl Əhməd – İntizam Komissiyasının sədri;

Gülşən Salmanova – İntizam Komissiyasının üzvü;

Tünzalə Hacıyeva – İntizam Komissiyasının üzvü;

Oğul Kərimov – İntizam Komissiyasının üzvü;

Rəfael Cabbarov – İntizam Komissiyasının üzvü.

Qeyd edək ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri isə Sima Yaqubova və Əli Nəbiyevdir.