- 09 mart 13:42
- Vəkillik
“Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili İbrahim Hüseynov məhkəmədə növbəti yüksək uğura imza atıb.
Bu barədə e-huquq.az-a bürodan məlumat verilib.
Məlumata görə, 5 aydan artıq müddətdə məhkəmə istintaqı davam edən cinayət işi üzrə 07 mart 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə (hakimlər Telman Hüseynov və Əli Məmmədovdan ibarət tərkibdə) keçirilən yekun məhkəmə iclasında büronun vəkili İbrahim Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Səmədov Mahir Zakir oğlu (şərti ad-soyad) barəsində bəraət hökmü çıxarılmasına nail olub.
Həmçinin bildirilib ki, cinayət işləri üzrə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv formada həyata keçirilməsi tələbi həm Azərbaycan Respublikası Konstitusiyası, həm Cinayət-Prosessual Məcəlləsi, həm də Azərbaycanın tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada və Avropa Məhkəməsinin qərarlarında çox mühüm bir şəkildə qeyd olunub.
"Ədalətli məhkəmə araşdırmasının özəyini də təqdim olunan sübutların mötəbərliyinin, həmin sübutların hansı formada əldə ediliyi kimi məsələlərin araşdırılması təşkil edir. Çünki həm milli qanunvericiliyimizdə, həm də Avropa Məhkəməsinin bir çox qərarlarında da vurğulandığı kimi, qanunu pozmaqla əldə edilmiş sübutlar qətiyyən mötəbər sübut kimi qəbul edilə bilməz və bucür sübutlara istinad edilərək çıxarılan ittihamedici hökmlər tamamilə əsassızdır. Bu səbəbdən də, təqdirləndirilən şəxsə qarşı irəli sürülmüş sübutların hansı formada əldə edildiyi və onların mötəbərliyi məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. Burada əsas yük müdafiəçinin üzərinə düşür. Çünki doğru şəkildə və doğru zamanda verilmiş vəsatətlər, həmçinin düzgün şəkildə formalaşdırılmış müdafiə təqdirləndirilən şəxsə qarşı təqdim olunmuş sübutların qeyri-mötəbərliyini və şəxsin təqsirsizliyini ortaya çıxarır", - deyə büronun məlumatında vurğulanıb.