İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını etdi -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.

E-huquq.az-ın xəbərinə görə, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.

Qeyd edilib ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.