- 18:45 | 01.06.2023
- Digər
İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi keçirilib.
E-huquq.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şənlikdə respublikanın müxtəlif bölgələrindən şəhid və qazi övladları, uşaq evi sakinləri, qeyri-millətlərdən olan, eləcə də sağlamlıq imkanları məhdud, sığınacaqlarda müvəqqəti yaşayan uşaqlar, o cümlədən Bakının 12 rayonu və Zəngilanın Ağalı kəndini təmsil edən uşaqlar, habelə Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər” Məclisi üzvləri daxil olmaqla ümumilikdə 400 uşaq iştirak edib. Günorta saatlarından başlayan tərbirdə animatorlardan ibarət əyləncələr təşkil edilib, “Lider olmaq istəyirəm”, “Valideynlər və biz”, “STEAM laboratoriyası”, “Şahmat saatı”, “Art studio” və “Eko məkan” adlı 6 guşədə müxtəlif sahələr üzrə master-klasslar, interaktiv oyunlar və təlimlər keçirilib.
Şənliyin rəsmi hissəsi “Dövlət uşaq siyasəti” adlı video-çarxın nümayişi ilə başlayıb.
Uşaqları və qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, qeyd edib ki, Azərbaycan xalqının hüquqlarının müdafiəsi, təhlükəsiz həyatının təmin edilməsi, bütövlükdə Azərbaycan dövlətinin inkişafı üçün görülən böyük işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də Azərbaycan xalqının müasir standartlar səviyyəsində inkişafını təmin edən bir siyasətin müəllifidir: “Bizim hər birimizin bütün hallarda adını çox böyük ehtiramla çəkdiyimiz, xatirəsinə dəyər verdiyimiz bir insandır, Ulu öndərimizdir, hər birimizin sevimlisidir. Uşaqların isə babasıdır”- deyə o vurğulayıb.
Bu gün həm regionda, həm də dünyada nüfuz qazanan Azərbaycan dövləti və xalqımız vahid məqsəd uğrunda birləşib və gələcəmiyiz olan uşaqlara firavan cəmiyyət, müstəqil dövlət, azad cəmiyyət təqdim etmək üçün lazım olan hər şeyi edib, ən əsası isə azərbaycançılıq ideyası ətrafında, Ümummilli liderimizin ətrafında birləşərək, müasir Azərbaycan dövlətini qurub: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün Azərbaycan ordusu, Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyevin bu istiqamətdə siyasətini də davam etdirərək müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin olunması işini yüksək səviyyədə təşkil edib”.
Bu gün Azərbaycan xalqı və dövləti olaraq hər birimizin zəfərdən yenidən doğulduğunu və qələbə ruhunda yaşayaraq, sabaha çox böyük inam bəslədiyini qeyd edən Komitə rəsmisi gələcəkdə Ulu öndərin qarşımıza qoyduğu vəzifələrə, cənab Prezidentin tövsiyələrinə, Mehriban xanımın uşaqların daha sağlam və daha təhsilli, yüksək keyfiyyətlərə malik şəxsiyyət kimi yetişməsi istiqamətində gördüyü işlərə cavab olaraq bizdən gözlənilən bütün addımları ataraq, Azərbaycan dövlətinə layiq vətəndaşlar kimi yetişəcəyimizə inamını ifadə edib.
Qeyd edilib ki, Dövlət Komitəsi də bu sahədə siyasətin həyata keçirilməsi üçün çalışır, bu əlamətdar gün ölkəmizin bütün regionlarında yüksək səviyyədə qeyd olunur, uşaqlar müxtəlif bayram şənliklərində iştirak edir və öz bayram sevincini bir-biri ilə bölüşürlər.
Bir neçə gün əvvəl Laçına 20 ailənin köçdüyünü diqqətə çatdıran B. Muradova bildirib ki, bu köçdən sonra uşaqların yenidən bərpa olmuş evlərinə qayıdaraq, yenidən ata-babalarının ənənələrini davam etdirmək, yeni inkişafın- müasir Laçının bünövrəsini qoymaqla Azərbaycan üçün faydalı olmağa çalışacaqlar: “Düşünürəm ki, qısa müddətdə bütün regionlarımız bərpa olacaq və Ağalıdakı həyatın eynisi və onunla bərabər bütün regionlarda gözəl şərait yaradılacaq, hər bir uşaq öz evinə qayıdacaq”.
Bahar Muradova, dövlətin uşaqların sağlam, vətənə layiq, faydalı bir şəxsiyyət kimi yetişdirilməsi üçün bütün imkanları yaratdığını vurğulayaraq, uşaqlarımızın da Azərbaycanı irəliyə aparan, tanınmış, bacarıqlı şəxsiyyətlərə çevriləcəyinə inamını ifadə edib.
Çıxışının sonunda Komitə sədri bütün dünya uşaqlarının xüsusilə müharibələrə, aclığa, zorakılığa məruz qalan uşaqların həyatında sülhün bərpa olunmasını, onların rifah içində, xoşbəxt və firavan bir cəmiyyətdə yaşamasını arzu edib.
Çıxış edən millət vəkili Musa Quliyev qonaqları salamlayıb, uşaqları bayram münasibətilə təbrik edib. Müstəqil və inkişaf edən ölkəmizdə doğulub, vətənpərvərlik ruhunda böyüyən, dünənin uşaqları olan hərbçilərimiz sayəsində torpaqlarımızın işğaldan azad edildiyini qeyd edib. Bu gün Qarabağın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan millət vəkili, bugünün uşaqlarının bu işi uğurla davam etdirəcəyinə inamını ifadə edib. Azərbaycanda uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirən parlament üzvü, bu gün ölkədə keçirilən bayram tədbirlərinin qayğının bariz nümunəsi olduğunu dilə gətirib. Sonda bir daha uşaqları təbrik edən Musa Quliyev onlara ölkəyə layiqli vətəndaş kimi formalaşmağı arzu edib.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, uşaqlarla birgə bayram tədbirində iştirakına görə sevincini bölüşüb. Dünyada gedən proseslərin ölkəmizə, xüsusilə də ailələrimizə təsirindən söz açaraq, uğurlu gələcək üçün sağlam düşüncəli, informasiya texnologiyaları sahəsində rəqabətədavamlı gəncliyin yetişməsinin vacibliyindən danışıb. Hazırda ölkəmizdə firavan və sağlam gəncliyin formalaşması üçün dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edən H.Hüseynova, bu tədbirlərin davam etdiriləcəyini bildirib.
Daha sonra guşələrin fəaliyyəti haqqına video-çarx nümayiş etdirilib və uşaqlar guşələrdəki məşğələlərlə bağlı fikirlərini səsləndiriblər. Komitə yanında Uşaq Səfirlər Məclisi üvləri çıxış edərək Məclisin fəaliyyəti barədə məlumatları bölüşüblər.
Ardınca “Valideynlər və biz”- “Zəfərə aparan ideya” layihəsinin qalibi Gülnar Qasımova və FLEX (Future Leaders Exchange) proqramın finalisti- Gülçin Cəfərova çıxış ediblər.
Tədbir çərçivəsində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, habelə səyyar maarifləndirmənin həyata keçirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib. Komitə əməkdaşının təqdimatında layihə haqqında tanıtım videosu izlənilib və iştirakçılara ətraflı məlumatlar verilib.
Şənlik bayram ab-havası ilə davam edib, fərqli musiqi nömrələri təqdim edilib. Uşaqların ifasında mahnılar səsləndirilib, maraqlı səhnəciklər təşkil olunub, müxtəlif şoular keçirilb.