- 27 sentyabr 15:10
- Siyasət
“Naxçıvan Türkiyə üçün hər zaman vacib və strateji bir yer olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı Naxçıvandan verilən mesajlar həm də Azərbaycan və Türkiyənin ortaq strateji maraqları və hədəfləri baxımından olduqca əhəmiyyətli idi”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yuisf Bağırzadə söyləyib. O qeyd edib ki, Ərdoğanın Azərbaycana rəsmi səfəri kifayət qədər diqqətçəkən məqamlarla və mesajlarla yadda qaldı:
"Bu, Türkiyə liderinin Naxçıvana sayca ikinci səfəri idi və Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Türkiyə Prezidentinin məhz Naxçıvana səfər etməsi heç də səbəbsiz deyil. Naxçıvan Türkiyənin Türk dünyasına açılan qapısıdır. Bunu Türkiyə Prezidenti Ərdoğan da qeyd etdi və bildirdi ki, Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda olmaqdan böyük məmnunluq duyur. Məlumdur ki, Naxçıvan Azərbaycanın qədim diyarlarından biridir və 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılmasından sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsildi. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da ərazi iddiaları var idi və Naxçıvanda da şiddətli döyüşlər gedirdi. O zaman məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Naxçıvan Türkiyə üçün də hər zaman vacib və strateji bir yer olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Azərbaycan və Türkiyənin ortaq strateji maraqları və hədəfləri baxımından olduqca əhəmiyyətli idi”.
Politoloq bildirib ki, səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin təməl qoyma mərasimi keçirildi. Bu olduqca mühüm bir hadisədir:
“Xüsusilə də blokada şəraitində yaşayan və zamanında Ermənistan tərəfindən bütün elektrik və qaz xətlərinin kəsilməsi nəticəsində 15 il Naxçıvan qazsız yaşamış Naxçıvan üçün bu kəmərin böyük əhəmiyyəti var. Düzdür 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilib. Amma istənilən halda Naxçıvan kimi strateji bir bölgəyə yalnız bir mənbədən qaz tədarük edilməsi maraqlarımıza cavab vermirdi və indi yeni qaz kəmərinin çəkilişi həm də bu bölgəmizin enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etmiş olacaq. Qeyd edim ki, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alır”.
Y.Bağırzadə söyləyib ki, səfər çərçivəsində modernləşdirilmiş yeni hərbi kompleksin açılışı baş tutdu. Bu kompleks Naxçıvanın özünümüdafiə qabiliyyətinin artırılması baxımından önəmli idi:
“Naxçıvan görüşündə regional və qlobal problemlərlə yanaşı, xüsusilə Qarabağdakı son hadisələr ətrafında da fikir mübadiləsi aparıldı və liderlərin bəynatlarında verilmiş mesajlar da bu mənada olduqca önəmli oldu. Cənab Ərdoğanın “son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik” bəyanatı Ermənistanla yanaşı hələ də gərginlikdən faydalanmaq istəyən və regionda öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd edən qüvvələrə də verilmiş çox mühüm mesaj oldu. Səfərin ən mühüm mesajlarından biri də şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı idi. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, Ermənistanın bununla bağlı konkret öhdəliyi var və onlar bu öhdəliyi yerinə yetirəlidirlər. Elə Türkiyə Prezidenti də bu məqama toxunaraq Naxçıvanın iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malik olduğunu, regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağını deməsi də, hədəfə Zəngəzur dəhlizinin olduğunu deməyə əsas verir. Ümumiyyətlə isə Ərdoğanın səfəri və səfər çərçivəsində liderlərin verdiyi bəyanatlar bir daha bütün regional və qlobal güclərə qardaşlığı, Azərbaycan-Türkiyə birliyini nümayiş etdirdi”.
Şəbnəm Mehdizadə