ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır -

ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək təmin etmək üçün birgə səylərinə görə alqışlayırıq. Biz Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəkləməyə sadiq qalırıq", - deyə Metyu Miller bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.