- 10:09 | 10.02.2024
- Mediasiya
Mediasiya nikahın ləğvi və əmlak bölgüsü ilə bağlı münasibətlər sahəsində mübahisələrin həllinin ən təsirli məhkəmədənkənar həlli üsuludur.
Artıq 3 ildir ki, Azərbaycanda mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsulu kimi tətbiq olunur. Məlum olduğu kimi, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ailə, əmək mübahisələrində ilkin məcburi mediasiya proseduru nəzərdə tutulmuşdur. Yəni, bu mübahisələr üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mütləq ilkin mediasiya prosedurundan keçməlidirlər.
Bəzən qanunvericiliyin bu tələbi məhkəməyə çatımlılığa “baryer” kimi qəbul olunur. Lakin bu tamamilə yanlış yanaşmadır. İlkin məcburi mediasiyanın məqsədi tərəflərə mübahisələrinin məhkəməsiz, özləri tərəfindən, neytral peşəkar olan mediatorun köməyi ilə həll etmənin mümkün olmasının izah olunmasıdır.
Təcrübə göstərir ki, bir çox hallarda tərəflər ilkin məcburi mediasiya prosesində şəxsən iştirak etmir, nümayəndələri vasitəsilə təmsil olunurlar, ya da bu prosesə heç gəlmirlər. Lakin tərəflərin iştirak etdiyi proseslərin, demək olar ki, yarısından çoxunda, onlar mübahisələrini mediasiya qaydasında həll etmənin məhkəmə həllindən üstünlüyünü (xərcə, vaxta qənaət, münasibətlərin qorunması, uşaqların maraqlarının təmini və s) anlayır, tam mediasiya prosesi tətbiq olunur və mabahisə həll olunur.
Məsələn, rəhbəri olduğum Bakı 2 saylı Mediasiya Təşkilatında 2023-cü il ərzində ilkin məcburi mediasiya müraciətləri üzrə tamamlanan və hər iki tərəfin iştirak etdiyi 724 işdən 442 iş tam mediasiya prosesinə keçməklə və barışıq sazişi ilə nəticələnmişdir. Bu isə 61 faiz edir. Yəni, tərəflər mediasiyaya gəlirsə, göründüyü kimi, mübahisəni barışıqla bitirmək olduqca realdır. Deyərdim ki, ailə mübahisələrində mediasiyanın tətbiqi daha effektiv və səmərəlidir.
Mülki və ailə qanunvericiliyi ər-arvadın əmlakının hüquqi rejimini təsbit edir. Beləliklə, ər-arvadın əmlakının bölünməsi ilə bağlı mediasiya proseduru, tərəflər üçün tamamilə təmiz vərəqlə deyil, nəyə güman edə biləcəklərini təxmini başa düşmələrindən başlayır. Bu baxımdan mübahisə faktiki olaraq tərəflərin əmlak bölgüsü zamanı hansı əmlakın kimə keçəcəyi, eləcə də əmlaklar qeyri-mütənasib bölündükdə, kompensasiyanın kimə və hansı məbləğdə ödəniləcəyi sualına gəlir.
Mediatorun vəzifəsi yalnız mübahisə tərəflərinin həqiqi istək və maraqlarını müəyyən etmək, habelə onların istəkləri arasında orta zəmin tapmaqdan ibarətdir.
Mediasiyada bağlanan barışıq sazişi hansı hüquqi qüvvəyə malikdir, o necə icra olunacaq, tərəflərə nə verir?
Bu saziş adi mülki müqavilə qüvvəsinə malikdir və onun hər hansı orqanlarda qeydiyyatı tələb olunmur. Bu baxımdan tərəflər sazişin mətnində onun icrasına yönəlmiş əlavə tədbirlər nəzərdə tutmalıdırlar ki, hər iki tərəfin onu icra edəcəyinə tam əmin olsunlar. Burada mediasiya sazişinin hansı əmlaka münasibətdə bağlanması vacib məsələdir: daşınar (pul, mebel, avtomobil və s.) və ya daşınmaz (mənzil, torpaq, ev, qeyri-yaşayış sahəsi).
Saziş yalnız daşınar əmlakın təhvil verilməsini nəzərdə tutursa, o zaman tərəflər sadəcə əmlakı bir-birinə verirlər və bununla da iş bitir. Yeri gəlmişkən, daşınar əmlakın təhvil verilməsi proseduru da barışıq sazişində kifayət qədər konkret şəkildə göstərilə bilər.
Məsələn, söhbət minik avtomibilinin verilməsindən gedirsə, onda hər şey olduqca sadədir - tərəflər yol polisinə gedir və avtomobili yenidən qeydiyyata alınır;
- Pul məbləğinin verilməsi-qəbzlə verilir və ya hesaba köçürülür.
- Nizamnamə kapitalında payın verilməsi- təsisçilərin tərkibində dəyişiklik edilməsi barədə məlumat və lazımi sənədlər vergi orqanına təqdim edilir.
Daşınmaz əmlaka gəldikdə isə çətinliklər yaranır: mənzil, ev, torpaq, qeyri-yaşayış sahəsi. Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakla bağlı bütün əməliyyatlar qeydiyyata alınmalıdır. Ancaq burada sadəcə mediasiya sazişini təqdim edib hüquqları yenidən qeydiyyatdan keçirə bilməzsiniz.
Bu iki səbəbə görə mümkün deyil: “Daşınmaz Əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununda qeydiyyat üçün əsasların siyahısında mediasiya prosesində bağlanılan barışıq sazişi nəzərdə tutulmamışdır. Belə ki,Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmış, bu əsaslardan biri də,daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Deməli, əmlak mediasiya prosesində bölünürsə, bu bölgü ilə bağlı sazişlə hər tərəfə verilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün notarial qaydada təsdiq olunan müqaviləyə də ehtiyac yaranacaq.
Bəs mediasiyada bağlanmış barışıq sazişinin notariusda təsdiqi mümkündür?
Əslində mülki qanunvericiliyin tələbinə əsasən bu mümkündür. Ancaq sazişin tam mətnlə notariusda təsdiqi təcrübi baxımdan mümkün olmayacaq. Çünki notariuslar təsdiqlədikləri müqavilənin mətninin qanunauyğunluğuna diqqət yetirməlidirlər və Azərbaycan təcrübəsində, demək olar ki, standart müqavilələri təsdiqləyirlər, mediasiyadakı barışıq sazişini isə təsdiqləmirlər. Deməli, sazişlə hansısa tərəfə verilməsi nəzərdə tutulan əmlak ya alqı-satqı, ya da bağışlama müqaviləsi əsasında verilməlidir. Yəni, tərəflər notariusa getməlidirlər, həmin əmlakın alqı-satqı, ya da bağışlama ilə verilməsi ilə bağlı müqavilə rəsmiləşdirməlidirlər. Tərəflər hələ də yaxın qohum münasibətindədirlərsə bağışlama müqaviləsi bağlamaq mümkündür. Çünki notarius ancaq yaxın qohumlar arasındakı bağışlama müqaviləsini təsdiq edəcək. Bağışlama əvəzsiz əqddir. Bu əqd rəsmiləşərkən, əmlakın dəyərini təşkil edən məbləği, depozitə qoyma tələb olunmur. Lakin bildiyimiz kimi, alqı-satqıda bu tələb olunur. Ona görə də ən yaxşı çıxış yolu, mediasiya sazişində tərəflərin bir-birlərinə verəcəkləri daşınmaz əmlakla bağlı notariusda bağışlama müqaviləsi bağlamaq öhdəliyinin (bu müqavilənin bağlanması xərcləri hansı tərəfin ödəyəcəyi və müqavilənin bağlanması üçün müddət də göstırilməklə) nəzərdə tutulmasıdır.
Əlbəttə ki,qanunvericiliyimizdə müvafiq dəyişikliklərin edilməsi ilə,məsələn,qonşu Rusiya Respublikasında olduğu kimi,mediasiyada bağlanılan barışıq sazişinin notariusda təsdiqlənməsi ilə icra sənədi hesab olunması və ya Gürcüstandakı kimi bu sazişin ümumiyyətlə icra sənədi hesab olunması onun icrası ilə bağlı bütün çətinlikləri aradan qaldırardı və vətəndlarımızın mediasiyaya etimadını daha da artırardı.
Amma hazırda,əgər mediasiyada bağlanılan saziş icra sənədi deyilsə,yenə də notariusa getməliyəmsə, bu halda mediasiyanın lazımsız olması fikriniz varsa, ədalət naminə bir daha qeyd edirəm ki, notariusa gəlməzdən əvvəl tərəflər əmlakın bölünməsinin əsas şərtlərini razılaşdırmalıdırlar. Və bu, məhz mediatorun və mediasiya prosedurunun vəzifəsidir.
Əgər siz mediasiyasız danışıqlar vasitəsi ilə mübahisələrinizi həll edirsinizsə, onda eşq olsun Sizə!
İlhamə Həsənova
Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, təlimçi