"Caspian Energy Club" Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyi ilə birgə B2G Forum təşkil edib -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə 20 fevral tarixində B2G Forum keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva fəxri qonaq qismində iştirak ediblər.

Spiker qismində çıxış edən Mustafa Abbasbəyli və Nərmin Mirzəyeva iştirakçılara rəhbərlik etdikləri qurumların fəaliyyəti, cari qanunvericilik sistemi, habelə planlaşdırılan layihələr, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələr və qurumlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumat təqdim ediblər.

B2G forum çərçivəsində əmək bazarında işəgötürənlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması və bu istiqamətdə cari və gələcək təkliflərin formalaşdırılması, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyəti və göstərilən dəstək xidmətləri, əmək münasibətləri və məşğulluğa dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin dinlənilməsi, Dünya Bankının Business Ready hesabatı haqqında məlumat verilməsi, əmək münasibətlərinin rəqəmsallaşmasının əhəmiyyəti və bu istiqamətdə işəğötürənlərin təkliflərinin dinlənilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsində işəğötürənlərin təkliflərinin dinlənilməsi kimi məsələlər geniş müzakirə olunub.

Mustafa Abbasbəyli iştirakçılara qurumun fəaliyyəti barədə məlumat verib, əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində Agentlik tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə əməkdaşlıq edildiyini qeyd edən M.Abbasbəyli işsiz və işaxtaran şəxslərin bilik və bacarıqlarının artırılması, işəgötürənlərin kadr ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb.
Nərmin Mirzəyeva əmək münasibətlərinin rəqəmsallaşması, əmək qanunvericiliyinə riayət olunmasında elektron həllərdən istifadə olunması barədə məlumat verib

Daha sonra Mustafa Abbasbəyli və Nərmin Mirzəyeva sual-cavab sessiyasında iştirak edib və tədbirə qatılan iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırılıblar.

Sonda "Caspian Energy Club"un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Mustafa Abbasbəyliyə klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində verdikləri töhfəyə görə hər iki quruma təşəkkürünü bildirib.

Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib. Networking hissəsinin sonunda "Caspian Energy Club"a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.