- 25 fevral 22:57
- Siyasət
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
“Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb.
1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir.
Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.
Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.
Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.