Külli miqdarda mənimsəmədə təqsirləndirilən məşhur hotelin xəzinədarının məhkəməsi başlayıb

“Badamdar Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamalı Qarayevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Elvin Mirzəyev çıxış edərək işin baxışa verilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, istintaqla Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu