- 16:54 | 10.07.2024
- Məhkəmə
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynovun hakimə etirazı elan olunub.
Vəkil bu işə hakim Azad Məcidovun sədrliyi ilə baxılmasını istəmədiyini qeyd edib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.
Daha sonra hakim zərərçəkmiş Solmaz Eyvazovanın məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş göstərib ki, təqsirləndirilən şəxslərdən Aysel Məmmədovaya 6 800 manat pul verib, əvəzində ona saxta qəbz verilib. O, həmin pulun qaytarılmasını tələb edib. Solmaz Eyvazova özü məhkəmə iclasında iştirak etmədiyinə görə onun mülki iddiası da müzakirə olunmayıb.
Təqsirləndirilən şəxs Nuridə Seyidov deyib ki, zərərçəkmişlərdən bəzilərindən müalicə adıyla pulları Aysel Məmmədova ilə brilikdə alıblar. Onun sözlərinə görə, Aysel Məmmədova özünə çatan pulları götürüb. Daha sonra Nuridə Seyidova barəsindəki həbs qətimkan tədbirinin dəyişdiriləcəyi halda zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün müəyyən addımlar ata biləcəyini söyləyib.
Nuridə Seyidovanın bu sözlərinə hakim Azad Məcidov belə cavab verib: “Siz işin mahiyyətindən danışın ki, kimin vasitəsilə bu işə cəlb olunmusunuz, xəstələri hardan tapırdınız? Mənim qarşımda şərt qoyursunuz ki, sizi buraxaq, gedib ziyanın ödənilməsi üçün iş görəsiniz. Mən 15 ildir hakiməm. Burada belə işlərə çox baxmışıq. Burada elə işə baxırdıq ki, 11 milyonluq ziyan var idi. Təqsirləndirilən şəxs deyirdi ki, məni 2 günlük buraxın, gedim Dubayda bankdan pullarımı götürərək gəlib ziyanı ödəyim".
Hakim əlavə edib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donorun tapılması çətin prosesdir. O, xatırladıb ki, həm donor külli miqdarda pul tələb edə bilər, hazırlıq prosesindən tutmuş, əməliyyatın özünə qədər ciddi vəsait tələb edən prosesdir. Daha sonra hakim təqsirləndirlən şəxsdən talassemiya xəstəliyi və onun müalicəsi haqqında məlumatlı olub-olmadıqlarını soruşub.
Nuridə Seyidova suala cavabında məlumatsız olduğunu söyləyib. Onun sözlərinə görə, Aynur Bayramova əvvəllər Talassemiya Mərkəzində işləyidiyinə görə bu işləri araşdırmağı ona həvalə edib.
Zərərçəkmişlərdən Sahid Mövsümov məhkəmədə bildirib ki, bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri olan 12 yaşlı uşaq iki gün əvvəl vəfat edib. O, bu məsələnin araşdırılmasını istəyib: “Bu, bir ailə üçün böyük faciədir. Bunları araşdırmaq lazımdır. Həm ailənin pulu gedib, həm də övladı. Araşdırmaq lazımdır ki, bu şəxslər Talassemiya Mərkəzinə necə keçiblər. Bunun üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Çünki Talassemiya Mərkəzi qapalı müəssisədir. Bu adamların orada qeydiyyatda olan xəstələrin siyahısına necə əlləri çatıb? Onların qan nümunələri oradan götürülüb, Türkiyəyə aparılaraq laboratoriyadan keçirib. Bu məsələlər mütləq araşdırılmalıdır. Bu işdə 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? Bu işin kökünü araşdırmaq lazımdır”.
S.Mövsümov məhkəmədə çıxış edərkən qəfildən vəziyyəti pisləşib və huşunu itirib. Qarabağ müharibəsi əlili olan Sahid Mövsümov epilepsiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən şəxslərə uşağının müalicəsi üçün pul verib. Zərərçəkmişin huşunu itirməsilə əlaqədar məhkəmə prosesində fasilə elan olunub. Fasilədən sonra sualların cavablandırılması davam etdirilib.
Nuridə Seyidova bildirib ki, xəstələri Aynur Bayramova və Aysel Məmmədova cəlb edib. O, əlavə edib ki, cəlb olunan xəstələrdən təxminən 30 nəfərin müalicəsinə köməklik göstəriblər.
Nuridə Seyidova onu da qeyd edib ki, anasına məxsus evi sataraq, zərərçəkmişlərə ziyanın ödənilməsinə xərcləyib. Amma o, satılmış evin hansı ünvanda yerləşdiyini, satışdan əldə olunan vəsaitin hansı zərərçəkmişlərə ödənilməsi haqda suallara “xatırlamıram” cavabını verib.
Bundan sonra hakim təqsirləndirilən şəxsin “bilmirəm”, “xatırlamıram” kimi cavablarla kifayətlənməyin mümkünsüz olduğunu deyib: "Zərərçəkmişlərə demisiniz ki, beynəlxalq təşkilatlar vəsait köçürərək, əməliyyatlara yardım edəcək. Danışın görək, bunlar hansı təşkilatlardır?”.
Daha sonra Aynur Bayramovanın vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Aynur Bayramovanın himayəsində yetkinlik yaşına çatmayan iki övladı olduğunu, özünün və azyaşlı övladının xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb. Vəsatət təmin olunmayıb.
Növbəti prosesi iyulun 24-də davam edəcək.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu