- 09:00 | 02.08.2024
- Məhkəmə
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə ilk baxış iclası keçirilib.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Novruz Kərimovun sədrliyi ilə keçrilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib.
Vəkil "ATA Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Dəyanət Quliyevin, bankın xəzinədarı olmuş Barat Heydərovun əlavə şahid qismində dindirilməsini istəyib.
Vəkil qeyd edib ki, Zahid Niftəliyevin bu gün burada mühakimə olunmasında əsas səbəbkarları Dəyanət Quliyevlə Nəcməddin Sadıkovdur.
Vəkilin sözlərinə görə, Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi olmuş Nəcməddin Sadıkovla mərhum vergilər naziri arasında şirkətin yaradılması ilə bağlı razılıq olub. Vəkil deyib ki, sübutların qiymətləndirilməsi ilə bağlı qərarda Nəcməddin Sadıkovun dindirilməsinin mümkün olmadığı qeyd olunub. O, Nəcməddin Sadıkovun məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Təqsirləndirlilən şəxs vəkili tərəfindən verilən vəsatətlərin təmin olunmasını istəyib. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən çoxsaylı şahidlərin ifadəsi alınıb. Dövlət ittihamçısı əlavə edib ki, əsas şahidlər dindiriləndən sonra zərurət yarananarsa əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər. O, hazırkı mərhələdə vəsatətlərin təmin olunmamasını istəyib.
Yerində müşavirə keçirən hakimlər qərar elan edib. Qərarda göstərilib ki, vəkilin vəsatətində qaldırılan məsələlər sübutların araşdırılması mərhələsi ilə bağlıdır. Bu səbəbdən vəsatətlər baxılmamış saxlanılıb.
Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış "ATA Bank" ASC-nin nümayəndəsi Zahid Niftəliyeva qarşı mülki iddia qaldırıb. Mülki iddiada 24 milyon 234 min manatın Zahid Niftəliyevdın tutularaq zərərçəkmişə ödənilməsinin təmin olunması istənilib.
Hakimlər mülki iddianı icraata qəbul edib.
Daha sonra dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan edib.
Zahid Niftəliyev ittihamlarla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.
Zahid Niftəliyev cinayət işi ilə tanış olmaq istədiyini, bundan sonra sərbəst ifadə verəcəyini deyib. Hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada işlə tanış olmağa şərait yaradılacaq.
Növbəti proses sentyabrın 25-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "ATA Bank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. o, hemin mebleğin ləğv prosesində olan "ATA Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Orxan Rasifoğlu