“Azərbaycanın davamlı tərəqqisi və inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə reallaşdırılan islahatların məhkəmə-hüquq sahəsini də əhatə edir”.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bakıda Dünya Bankının təşkilatçılığı ilə "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda keçirilən forumda çıxış edərkən deyib.
R. Rzayev bildirib ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair Fərman məhkəmələrin inkişafında yeni mərhələnin başlanğıcı olub: "Bu Fərmanın məqsədi cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, vətəndaşların məhkəmə fəaliyyətinə inamının gücləndirilməsidir".
Sədr qeyd edib ki, Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üzərində iş aparır. Onun sözlərinə görə, məhkəmə fəaliyyətinə müdaxilənin qarşısını almaq üçün mexanizmlərin təkmilləşdirilməsi planlaşdırılır, hakimlərin sayının artırılması nəzərdə tutulur: "Aparılan bu islahatlar Azərbaycanda ədalət mühakiməsinin inkişafına xidmət edəcək, vətəndaşların hüquqlarının məhkəmələr tərəfindən mükəmməl şəkildə qorunacağına mühüm töhfə verəcək".
