- 16 Oktyabr 18:54
E-huquq.az Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılovun yeni məqaləsini oxucuların diqqətinə təqdim edir:
Xülasə
Hüquqla dil arasında sıx və ayrılmaz əlaqə vardır. Hüquq normaları dil vasitəsilə ifadə olunur, insanlar öz hüquq və vəzifələrini həmin normaların mətnindən öyrənir, hüquq tətbiq edən orqanlar isə konkret məsələləri həll edərkən bu normaları təfsir və tətbiq edirlər. Lakin hüquq normasında istifadə olunan söz və ifadələrin lüğəvi mənasının müəyyən edilməsi həmin normanın hüquqi məzmununun aşkar edilməsi üçün heç də həmişə kifayət etmir. Bəzən sözün mənası aydın olsa da, onun konkret hüquq münasibətinə tətbiqi mübahisə doğurur. Bu zaman əsas problem sözün özlüyündə hansı mənanı ifadə etməsi deyil, onun konkret normativ və faktiki şəraitdə necə başa düşülməsidir.
Məqalədə hüquq və dil münasibətlərinə məna, anlama və kontekst anlayışları baxımından yanaşılır. Bu məqsədlə Oksford Universitetinin İngiltərə hüququ üzrə professoru Timoti Endikottun (Timothy Endicott) hüquq və dil haqqında fikirləri, ABŞ-ın On Birinci Dairə Federal Apellyasiya Məhkəməsinin hakimi Kevin Nyusom (Kevin Newsom) və aparat rəhbəri Alana Frederik (Alana Frederick) tərəfindən irəli sürülən kontekstual tekstualizm yanaşması, eləcə də Helsinki Universitetinin müqayisəli hüquq professoru Yaakko Husanın (Jaakko Husa) hüquq dilinə dair araşdırmaları təhlil edilir. Xarici hüquq ədəbiyyatında və məhkəmə təcrübəsində rast gəlinən nümunələr əsasında sözün lüğəvi mənası ilə hüquqi normanın konkret halda anlaşılması arasındakı fərq göstərilir. Eyni zamanda məsələ Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsi, habelə Almaniya Federal Konstitusiya Məhkəməsinin, Federal İnzibati Məhkəmənin, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin hüquqi mövqeləri baxımından nəzərdən keçirilir.
Açar sözlər: hüquq və dil, hüquq fəlsəfəsi, məna, anlama, kontekst, hüquqi təfsir, hüquqi müəyyənlik, hüquq dili.
1. Giriş
Hüquq mahiyyət etibarilə dil vasitəsilə ifadə olunur. Hüquq normaları dil vasitəsilə yaradılır, zərurət olduqda onların məzmunu təfsir yolu ilə müəyyənləşdirilir və konkret hüquqi münasibətlərə tətbiqi əsaslandırılır. Bu baxımdan, dil olmadan hüququn mövcudluğunu təsəvvür etmək çətindir. Lakin hüququn dil vasitəsilə ifadə olunması başqa bir problemi meydana çıxarır. Belə ki, sual yarana bilər ki, qanunda istifadə edilən sözlərin mənasını bilmək normanın konkret halda necə anlaşılmalı olduğunu müəyyən etmək üçün kifayətdirmi?
İlk baxışdan bu suala müsbət cavab vermək olar. Əgər qanunun mətni sözlərdən ibarətdirsə, həmin sözlərin mənası müəyyən edilməklə normanın mənası da müəyyən edilməlidir. Lakin hüququn tətbiqi təcrübəsi məsələnin bundan daha mürəkkəb olduğunu göstərir. Məsələn, “nəqliyyat vasitəsi”, “heyvan”, “meyvə”, “ağlabatan”, “zəruri”, “əhəmiyyətli” kimi sözlərin dilimizdə hansı mənanı ifadə etdiyi ümumən məlumdur. Bununla belə, konkret hadisənin həmin anlayışlardan birinin əhatəsinə düşüb-düşmədiyi mübahisəli ola bilər. Deməli, hüquqi təfsir zamanı bir-biri ilə əlaqəli, lakin eyni olmayan iki məsələni fərqləndirmək lazımdır: sözün mənası və həmin sözün konkret hüquqi normada necə anlaşılması.
Hüquq fəlsəfəsində dil probleminin mühüm istiqamətlərindən biri də məhz bu fərqlə bağlıdır. Burada söhbət yalnız sözlərin lüğəvi mənasının müəyyən edilməsindən deyil, həm də həmin sözlər vasitəsilə ifadə olunan hüquq normasının konkret münasibətdə necə anlaşılmasından gedir. Başqa sözlə, əsas sual bundan ibarətdir ki, qanunun mətnində istifadə edilən sözlərin mənası ilə həmin sözlər vasitəsilə ifadə olunan hüquq normasının mənası arasında hansı münasibət vardır və hüquq tətbiq edən subyektlər normanı təfsir edərkən hansı hədlər daxilində hərəkət etməlidirlər? Bu məsələ hüququn mahiyyəti, qanunvericinin iradəsi və hüquqi təfsirin sərhədləri ilə birbaşa əlaqəli olduğundan hüquq fəlsəfəsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun əhəmiyyəti yalnız nəzəri müstəvi ilə məhdudlaşmır. Hüquq normalarının tətbiq dairəsinin müəyyən edilməsi və hüquqi müəyyənliyin təmin olunması da həmin suallara verilən cavablardan asılıdır.
2. Sözün mənası, anlama və kontekst
Qeyd etmək lazımdır ki, hüquq normasının təfsiri, ilk növbədə, onun mətnindən başlanır. Normada hansı sözlərin işlədilməsi, həmin sözlərin dil baxımından hansı mənanı ifadə etməsi və cümlənin quruluşu hüquqi məzmunun müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Ancaq sözün lüğəvi mənasının müəyyən edilməsi hüquqi təfsirin bütün problemlərini həll etmir.
Timoti Endikott “Law and Language” əsərində bu məsələni “Garner v Burr” məhkəmə işi əsasında izah edir. Həmin işdə qanun pnevmatik şinləri olmayan “nəqliyyat vasitəsi”nin (ingilicə vehicle) yolda istifadə edilməsini qadağan edirdi. Mübahisəyə səbəb olan hadisədə isə traktor vasitəsilə təkərlər üzərində qurulmuş toyuq hini yolda daşınmışdı. Aşağı instansiya məhkəməsi həmin toyuq hinini nəqliyyat vasitəsi hesab etməsə də, yuxarı məhkəmə fərqli nəticəyə gəlmişdi.
Burada maraqlı olan məsələ ondan ibarətdir ki, mübahisə “nəqliyyat vasitəsi” sözünün dil baxımından mənasının bilinməməsindən yaranmamışdı. Əsas problem təkərlər üzərində hərəkət etdirilən toyuq hininin konkret qanunun tətbiqi baxımından “nəqliyyat vasitəsi” hesab edilib-edilməməsi ilə bağlı idi. Başqa sözlə desək, “nəqliyyat vasitəsi nə deməkdir?” sualı ilə “bu qanunda istifadə edilən nəqliyyat vasitəsi anlayışına təkərli toyuq hini də daxildirmi?” sualı eyni suallar deyildir.
Endikottun yanaşmasından çıxan mühüm nəticə ondan ibarətdir ki, hüquqi mübahisə heç də həmişə sözün mənası ilə bağlı olmur. Bəzən tərəflər sözün mənası barədə razılaşsalar da, onun konkret hadisəyə tətbiqi və doğurduğu hüquqi nəticə barədə fərqli mövqelərdə ola bilərlər. Bu baxımdan, hüquqi təfsir zamanı lüğətə müraciət edilməsi faydalı olsa da, sözün lüğəvi mənasının müəyyən edilməsi hüquqi problemin həlli üçün heç də həmişə kifayət etmir.
Alana Frederik və Kevin Nyusom “Meaning, Understanding, and Contextual Textualism” adlı məqalələrində məsələyə bir qədər fərqli yanaşaraq “məna” (meaning) və “anlama” (understanding) anlayışlarının fərqləndirilməsini təklif edirlər. Müəlliflərin fikrincə, əsas diqqət sözlərin mücərrəd şəkildə hansı mənanı ifadə etməsinə deyil, insanların həmin sözləri konkret şəraitdə necə anlamasına yönəldilməlidir.
Bu fərqi gündəlik həyatdan da görmək mümkündür. İnsan başqasının dediyi fikri anlamaq üçün yalnız onun işlətdiyi sözlərin lüğəvi mənasını müəyyən etmir. Danışığın mövzusu, tərəflərin bildiyi faktlar, ifadənin hansı şəraitdə söylənilməsi və ümumi həyat təcrübəsi də deyilənin necə anlaşılmasına təsir göstərir. Hüquqi mətnlərdə də oxşar vəziyyət yaranır. Buna görə sözün mənası ilə həmin sözün müəyyən şəraitdə anlaşılması bir-birindən fərqləndirilməlidir. Sözün mənası onun dil daxilində ifadə edə bildiyi məzmunla bağlıdır. Anlama isə həmin mənanın konkret ifadədə, normativ və faktiki şəraitdə necə müəyyənləşdiyini əhatə edir. Bununla belə, məna və anlama arasında dəqiq sərhəd çəkmək həmişə mümkün deyildir. Çünki kontekst həm sözün hansı mənaları ifadə edə biləcəyinin müəyyən edilməsinə, həm də həmin mənalardan hansının konkret halda əsas götürülməsinə təsir göstərir.
Frederik və Nyusomun göstərdiyi ilbiz nümunəsi bu fərqi nümayiş etdirir. Belə ki, biologiya müəllimi dərsdə istifadə etmək üçün canlı ilbizləri qatarla aparırdı. Daşıma qaydalarında müəyyən çəkidən az olan pişik, it və digər müşayiətçi heyvanların (ingiliscə companion animals) daşınmasına görə ayrıca ödəniş nəzərdə tutulurdu. Bilet yoxlayıcısı həmin qaydaya istinadla müəllimdən ilbizlər üçün də ayrıca bilet almağı tələb etmişdi.
İlbizlərin bioloji baxımdan heyvan olması mübahisəsizdir. Lakin əsas məsələ tədris məqsədilə daşınan ilbizlərin daşıma qaydasında nəzərdə tutulan “müşayiətçi heyvan” anlayışına daxil olub-olmamasıdır. Qaydanın bütöv məzmunu və tənzimlədiyi münasibətin xüsusiyyətləri nəzərə alındıqda, sərnişinin özü ilə apardığı pişik və ya itdən fərqli olaraq, dərsdə istifadə məqsədilə daşınan ilbizlərin “müşayiətçi heyvan” anlayışına daxil edilməməsi daha əsaslı görünür. Bu zaman müəllimin qaydanı necə başa düşməsi də əhəmiyyət daşıyır. Lakin söhbət onun fərdi və subyektiv təsəvvüründən deyil, eyni şəraitdə olan şəxsin həmin qaydanı necə başa düşə biləcəyindən gedir. Belə bir şəxs tədris məqsədilə daşınan ilbizlərin sərnişini müşayiət edən heyvanlardan fərqli olduğunu və onlar üçün ayrıca ödəniş tələb edilmədiyini əsaslı şəkildə düşünə bilər. Deməli, ilbizlərin bioloji baxımdan heyvan olması onlara müşayiətçi heyvanlar üçün nəzərdə tutulmuş əlavə ödəniş qaydasının tətbiqini özlüyündə əsaslandırmır.
Bu nümunə göstərir ki, hər hansı predmetin və ya hadisənin sözün ümumi mənasına uyğun gəlməsi onun konkret hüquq normasının tətbiq dairəsinə mütləq daxil olması demək deyildir. Bunun üçün sözün müvafiq normada hansı mənada işlədildiyi, normanın tənzimlədiyi münasibət və həmin şəraitdə necə anlaşıla biləcəyi birlikdə nəzərə alınmalıdır.
Eyni problem ABŞ Ali Məhkəməsinin “Nix v. Hedden” işində də görünür. Həmin işdə pomidorun gömrük qanunvericiliyinin tətbiqi baxımından meyvə, yoxsa tərəvəz olması mübahisə doğururdu. Botanika baxımından pomidor meyvədir. Lakin gündəlik həyatda pomidor adətən tərəvəz kimi qəbul edilir və yeməklərdə də bu şəkildə istifadə olunur. Məhkəmə məsələni həll edərkən pomidorun elmi təsnifatından deyil, insanların gündəlik həyatda bu anlayışı necə başa düşməsindən çıxış etmiş və onu müvafiq qanunun tətbiqi baxımından tərəvəz hesab etmişdi.
Göründüyü kimi, bir anlayışın elmi baxımdan düzgün təsnifatı onun hüquqi baxımdan da mütləq eyni cür qiymətləndirilməsini tələb etmir. Əgər qanunverici anlayışın xüsusi elmi və ya texniki mənada işlədildiyini müəyyən edibsə, həmin mənaya üstünlük verilməlidir. Lakin belə xüsusi göstəriş olmadıqda sözün insanların gündəlik həyatında necə başa düşülməsi də hüquqi təfsir üçün əhəmiyyət daşıya bilər.
Bu nümunə göstərir ki, sözün hüquqi mənasını müəyyən edərkən onun yalnız lüğətdə və ya elmi ədəbiyyatda necə izah olunmasına əsaslanmaq kifayət etmir. Sözün hansı hüquqi qaydada, hansı məqsədlə və hansı şəraitdə işlədildiyi də nəzərə alınmalıdır. Məhz bu amillər hüquqi təfsirdə kontekstin əhəmiyyətini ortaya qoyur.
Kontekst isə yalnız normanın əvvəlində və ya sonunda yazılan cümlələrdən ibarət deyildir. Normanın daxil olduğu qanunun ümumi məzmunu, tənzimlədiyi münasibət, digər hüquq normaları ilə əlaqəsi, eləcə də konkret hadisənin faktiki şəraiti onun necə başa düşülməsinə təsir göstərə bilər.
3. Hüquq dili və hüquq sisteminin xüsusiyyətləri
Yaakko Husa hüquq və dil münasibətinə başqa istiqamətdən yanaşır. Onun yanaşması xüsusilə müqayisəli hüquq və hüquqi tərcümə baxımından maraqlıdır. Husaya görə, hüquq dili yalnız söz və terminlərdən ibarət deyil. Hüquqi mətni düzgün anlamaq üçün həmin hüquq sisteminin anlayışlarını, hüquq institutlarını, hüquq mənbələrini və hüquqi düşüncə tərzini də bilmək lazımdır. Başqa sözlə, dili bilmək hələ həmin dildə ifadə olunan hüququ bilmək demək deyildir.
Məsələn, hər hansı şəxs ingilis dilini mükəmməl bilə bilər. Ancaq bu, onun İngiltərə hüququnda işlədilən bütün hüquqi anlayışları düzgün başa düşməsi demək deyildir. “Consideration” buna yaxşı nümunədir. Bu sözün lüğəvi mənasını başqa dilə tərcümə etmək mümkündür. Lakin İngiltərə müqavilə hüququnda “consideration” xüsusi hüquqi məzmuna malikdir. Bu institut, sadə şəkildə desək, müqavilə üzrə verilən vədin müqabilində qarşı tərəfin müəyyən öhdəlik götürməsini, hərəkət etməsini və ya hərəkətdən çəkinməsini ifadə edir. Bu baxımdan, sözü başqa dilə tərcümə etmək mümkün olsa da, həmin hüquq institutunun mövcud olmadığı hüquq sistemində onun tam qarşılığını tapmaq çətinləşir.
Beləliklə, xarici hüquqi mətnin düzgün anlaşılması üçün yalnız xarici dili bilmək kifayət etmir. Həmin hüquq sisteminin əsas anlayışlarını, hüquq institutlarını və hüquqi düşüncə tərzini də bilmək lazımdır. Bu baxımdan, hüquqi tərcümə adi tərcümədən fərqlənir. Tərcüməçi yalnız sözü deyil, onun ifadə etdiyi hüquqi məzmunu başqa dilə çatdırmalıdır. Hüquqi anlayışların bir hüquq sistemindən digərinə keçirilməsi zamanı tərcümə fəaliyyəti müəyyən mənada hüquqi təfsir fəaliyyətinə çevrilir.
Endikott, Frederik və Nyusom, eləcə də Husanın yanaşmaları müxtəlif istiqamətlərdən çıxış etsə də, onların ortaq nəticəsini belə ifadə etmək mümkündür ki, hüquqi normanın təfsiri sözün mənasının müəyyən edilməsindən başlayır, lakin bununla başa çatmır.
Sözün hansı normada işlədilməsi, normanın hansı münasibəti tənzimləməsi və həmin anlayışın hüquq sistemində hansı məzmuna malik olması da nəzərə alınmalıdır. Hüquqi mətnin kontekst daxilində anlaşılmasının əhəmiyyəti yalnız ayrı-ayrı söz və anlayışların mənasının müəyyən edilməsi ilə məhdudlaşmır. Hüquq nəzəriyyəsində hüquq normasının hipoteza, dispozisiya və sanksiya elementləri izah olunarkən qeyd edilir ki, bu elementlər normativ aktın mətnində heç də həmişə ayrıca və açıq şəkildə ifadə olunmur. Bəzən onlar birlikdə və ya dolayı şəkildə verilir və onların müəyyən edilməsi üçün mətnin ümumi mənasının nəzərə alınması tələb olunur.
Həqiqətən də, hüquq tətbiq edən şəxs bəzən normanın hansı şərtlər daxilində tətbiq olunacağını, hansı davranışı tələb etdiyini və həmin davranışa əməl edilmədikdə hansı hüquqi nəticənin yarandığını tək bir cümlədən deyil, eyni normativ aktın müxtəlif müddəalarının qarşılıqlı əlaqəsindən müəyyən edir. Bu baxımdan, hüquqi təfsir yalnız sözlərin lüğəvi mənasının müəyyən edilməsi deyil, həm də normanın ayrı-ayrı hissələrinin vahid hüquqi məzmun daxilində əlaqələndirilməsidir.
4. Hüquq dilinin aydınlığı və hüquqi müəyyənlik
Azərbaycan qanunvericiliyində normativ hüquqi aktların dilinə dair konkret tələblər müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 25.5-ci maddəsinə əsasən normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Həmin Konstitusiya Qanununun 54-cü maddəsi də terminologiyanın aydın anlaşılan söz və söz birləşmələrindən formalaşdırılmasını, eyni terminlərin eyni mənada və vahid formada işlədilməsini tələb edir.
Bu tələblər hüquq normalarının ünvanlandığı şəxslər tərəfindən anlaşılmasını və hüquqi nəticələrin əvvəlcədən müəyyən edilə bilməsini təmin etməyə yönəlmişdir. Normanın həddindən artıq qeyri-müəyyən olması onun fərqli şəkildə tətbiqinə və hüquqi müəyyənliyin zəifləməsinə səbəb ola bilər. Bununla belə, normada istifadə edilən söz və ifadələrin dil baxımından aydın olması onların konkret hadisələrə tətbiqinin də bütün hallarda mübahisəsiz olacağı demək deyildir.
Məsələn, “zəruri hal”, “kifayət qədər əsas”, “ciddi təhlükə”, “mühüm ziyan”, “ağır nəticələr” və “ictimai maraq” kimi ifadələrin ümumi mənası anlaşılandır. Lakin konkret hadisənin bu anlayışlardan birinin əhatəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər. Belə anlayışlardan inzibati, mülki və cinayət hüququnda, eləcə də inzibati xətalar hüququnda istifadə olunur. Qanunverici bütün mümkün həyat hadisələrini əvvəlcədən nəzərdə tuta bilmədiyindən, müəyyən hallarda konkret hadisəyə tətbiqi faktiki şəraitin hüquqi qiymətləndirilməsini tələb edən anlayışlardan istifadə edir.
Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2026-cı il tarixli, Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Qərarında da münasibət bildirilmişdir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, həyat hadisələrinin müxtəlifliyi və onların hamısının əvvəlcədən qanunda nəzərdə tutulmasının mümkünsüzlüyü qiymətləndirici anlayışlardan istifadə edilməsini şərtləndirir. Qərarda “xüsusi amansızlıq”, “mühüm zərər”, “ağır nəticə” kimi ifadələr buna nümunə göstərilmişdir. Məhkəmə, həmçinin “mütəmadilik” anlayışının məzmununu izah edərək müəyyən etmişdir ki, bu əlamətin mövcudluğu üçün zorakı hərəkətlərin sadəcə təkrarlanması kifayət deyil. Həmin hərəkətlər ən azı üç dəfə törədilməli, vahid niyyətlə əhatə olunmalı və aralarında daxili əlaqə mövcud olmalıdır. Beləliklə, qərar göstərir ki, qanunda işlədilən anlayışın ümumi mənası onun konkret hüquqi münasibətdə hansı halları əhatə etdiyini müəyyən etmək üçün hər zaman kifayət etmir. Bunun üçün normanın məzmunu və tətbiq olunduğu faktiki şərait də nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli, İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərhinə dair Qərarında da qanunvericinin bütün mümkün həyat hallarını əvvəlcədən nəzərdə tutmasının qeyri-real olduğu vurğulanmışdır. Bu səbəbdən ümumi anlayışlardan istifadə qaçılmazdır və onların tətbiqində yaranan qeyri-müəyyənlik məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırıla bilər.
Oxşar yanaşma xarici ölkələrin məhkəmə təcrübəsində də müşahidə olunur. Almaniya Federal Konstitusiya Məhkəməsinin 3 sentyabr 2014-cü il tarixli, 1 BvR 3353/13 saylı qərarına görə, təfsir tələb edən qeyri-müəyyən anlayışların işlədilməsi özlüyündə hüquqi müəyyənlik prinsipinin pozulması demək deyildir. Əsas məsələ normanın ünvanlandığı şəxslərin öz hüquqi vəziyyətlərini anlaya və davranışlarını buna uyğun qura bilmələridir.
Almaniya Federal İnzibati Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 3 C 7.17 saylı qərarında da qeyri-müəyyən hüquqi anlayışların konkretləşdirilməsi hüquq tətbiq edən orqanların vəzifələrindən biri kimi qiymətləndirilmişdir.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 48-P saylı qərarında isə qiymətləndirici anlayışlardan istifadənin hüquqi müəyyənliklə bir araya sığdığı, onların məzmununun normanın özündən, əlaqəli müddəalardan və zərurət olduqda məhkəmə təfsirindən müəyyən edilə biləcəyi göstərilmişdir.
Azərbaycan məhkəmə təcrübəsində də sözlərin ümumi mənası ilə onların konkret hüquqi münasibətdə daşıdığı məna arasında fərqin əhəmiyyətini göstərən nümunələr mövcuddur.
Belə ki, Ali Məhkəmənin məhkəmə təcrübəsində (Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni, 2019, № 4) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq müddəasında istifadə edilmiş “adətən” ifadəsinin normativ hüquqi aktların dilinə verilən aydınlıq və birmənalılıq tələbləri baxımından problem yaratdığı qeyd edilmişdir. “Adətən” sözünün lüğəvi mənası anlaşılmaz deyildir. Problem həmin ifadənin hüquqi nəticə yaradan normada hansı halları əhatə etdiyinin əvvəlcədən kifayət qədər dəqiq müəyyən edilməməsindədir.
Sözün ümumi mənası ilə konkret hüquqi münasibətdə daşıdığı məna arasındakı fərq yalnız normativ aktların deyil, müqavilə şərtlərinin təfsirində də meydana çıxır. Buna nümunə Bakı Apellyasiya Məhkəməsinin aqrar sığorta ilə bağlı işində (2-2(103)-1075/2025 nömrəli qətnamə) müşahidə olunur. Həmin işdə gəmiricilərin əkin sahələrinə vurduğu zərərin sığorta müqaviləsində nəzərdə tutulan “vəhşi heyvanların hücumu” riskinin əhatəsinə düşüb-düşmədiyi mübahisə doğurmuşdur. Burada əsas məsələ yalnız gəmiricilərin bioloji baxımdan vəhşi heyvan hesab edilib-edilməməsi deyil, onların əkin sahələrinə zərər vurmasının müqavilədə işlədilən “hücum” anlayışına daxil olub-olmamasıdır. Bu isə həmin ifadənin yalnız lüğəvi və ya bioloji mənası əsasında deyil, sığorta müqaviləsinin şərtləri, sığortalanmış riskin məzmunu və konkret hadisənin xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməsini tələb edir.
Bakı Apellyasiya Məhkəməsinin başqa bir qərarında (2-1(103)-2290/2025 nömrəli) isə “Haqsız rəqabət haqqında” Qanunda nəzərdə tutulmuş “lazımi məlumat” anlayışının məzmunu qiymətləndirilmişdir. İşin hallarına görə, sahibkarlıq subyektinə tələb edilən sənəd və məlumatları təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə tələb edilən məlumatın işin düzgün həlli baxımından əhəmiyyətini qiymətləndirməklə yanaşı, inzibati orqanın həmin məlumatı başqa mənbələrdən əldə etmək imkanını və məlumatın təqdim edilməməsi ilə bağlı digər halları da araşdırmışdır. İşdə inzibati orqanın müvafiq sənədləri digər qurumlardan sorğu əsasında əldə etdiyi də müəyyən edilmişdir. Beləliklə, “lazımi” sözünün ümumi mənası anlaşılan olsa da, konkret inzibati icraatda hansı məlumatların bu anlayışın əhatəsinə düşməsi ayrıca hüquqi qiymətləndirmə tələb etmişdir.
Bu nümunələr göstərir ki, sözün lüğəvi mənasının aydınlığı ilə həmin söz vasitəsilə ifadə olunan hüquqi anlayışın konkret hadisəyə tətbiqinin aydınlığı eyni məsələ deyildir. Hüquqi qiymətləndirmə zamanı normanın bütöv məzmunu, digər hüquq normaları ilə əlaqəsi və tətbiq olunduğu faktiki şərait nəzərə alınmalıdır.
Hüquq normasının aydınlığı qiymətləndirilərkən onun kimlər üçün nəzərdə tutulduğu da nəzərə alınmalıdır. Çünki bütün hüquq normalarının hər kəs tərəfindən eyni səviyyədə anlaşılmasını gözləmək düzgün olmazdı. Məsələn, yol hərəkəti qaydaları sürücülərin başa düşə biləcəyi şəkildə ifadə edilməlidir. Bank fəaliyyətini tənzimləyən normalarda isə həmin sahənin mütəxəssislərinə məlum olan xüsusi terminlərdən istifadə edilməsi təbiidir. Başqa sözlə, normanın aydın olub-olmadığı müəyyən edilərkən onun ünvanlandığı şəxslərin bilik və təcrübəsi də nəzərə alınmalıdır.
Almaniya Federal Konstitusiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli, 2 BvR 871/04 və 2 BvR 414/08 saylı qərarında da oxşar yanaşma ifadə edilmişdir. Həmin qərara görə, normanın aydınlığı qiymətləndirilərkən onun şamil olunduğu şəxslərin peşə bilikləri və təcrübəsi nəzərə alına bilər. Lakin bu o demək deyildir ki, xüsusi peşə sahəsini tənzimləyən norma qeyri-müəyyən ola bilər. Belə normalar da həmin sahədə fəaliyyət göstərən şəxslərin öz hüquq və vəzifələrini, eləcə də davranışlarının mümkün hüquqi nəticələrini anlaya bilməsinə imkan verməlidir.
Bununla yanaşı, hüquqi qiymətləndirmə zamanı belə bir sual da yarana bilər ki, qanunda nəzərdə tutulan müəyyən əlamətin konkret hadisədə mövcud olub-olmadığı kimin baxışından qiymətləndirilməlidir? Bu məsələ normanın aydınlığından fərqlənir. Birinci halda normanın kimlər tərəfindən necə anlaşıla biləcəyi, ikinci halda isə konkret hadisənin hansı şəxsin baxışından qiymətləndirilməli olduğu araşdırılır.
Bu fərqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair 12 iyun 2026-cı il tarixli, 03/2026 nömrəli qərarı əsasında izah etmək mümkündür. Həmin qərarda saxta pulun həqiqi puldan “aşkar surətdə fərqlənməsi” əlamətinin necə qiymətləndirilməli olduğu məsələsinə münasibət bildirilmişdir. Sual ondan ibarət idi ki, saxta pulun həqiqi puldan açıq-aşkar fərqləndiyini müəyyən etmək üçün adi insanın, yoxsa xüsusi biliklərə malik ekspertin baxışı əsas götürülməlidir.
Ali Məhkəmə bu məsələdə orta statistik insanın, yəni adi müşahidəçinin baxışının əsas götürülməli olduğunu müəyyən etmişdir. Çünki ekspert xüsusi bilik və təcrübəsi sayəsində saxta pulla həqiqi pul arasındakı ən kiçik fərqləri belə aşkar edə bilər. Lakin həmin fərqlər adi insan üçün nəzərəçarpan olmaya bilər. Eyni zamanda, konkret olaraq aldadılmış şəxsin yaşı, diqqətliliyi və ya digər fərdi xüsusiyyətləri də həlledici meyar olmamalıdır. Əsas məsələ saxta pulun adi müşahidəçi üçün həqiqi puldan aşkar şəkildə fərqlənib-fərqlənməməsidir.
Göründüyü kimi, bu qərarda söhbət qanunun mətninin adi insan tərəfindən necə başa düşülməsindən deyil, qanunda nəzərdə tutulan əlamətin konkret hadisədə mövcudluğunun necə qiymətləndirilməsindən gedir.
Almaniya Federal Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı isə normanın ünvanlandığı şəxslər üçün nə dərəcədə aydın olması ilə bağlıdır. Beləliklə, hər iki halda şəxslərin bilik və təcrübəsi əhəmiyyət daşısa da, onların nəzərə alınmasının məqsədi fərqlidir. Hansı şəxsin baxışının əsas götürülməsi qiymətləndirilən hüquqi məsələnin xüsusiyyətlərindən asılıdır.
Nəhayət, hüquq normasının aydınlaşdırılmasının da müəyyən sərhədləri vardır. Rusiya Federasiyası Ali Məhkəməsinin 10 iyun 2014-cü il tarixli, AKPI14-568 saylı qərarında göstərilmişdir ki, normativ müddəanın müxtəlif cür anlaşılmasına səbəb olan qeyri-müəyyənlik məhkəmənin həmin akta dəyişiklik və ya əlavə etməsi yolu ilə aradan qaldırıla bilməz. Başqa sözlə, məhkəmə normanın mənasını onun mətnini, digər normalarla əlaqəsini və məqsədini nəzərə almaqla izah edə bilər. Lakin təfsir adı altında qanunda nəzərdə tutulmayan yeni qayda müəyyən edə bilməz.
Beləliklə, hüquqi müəyyənlik qanunda işlədilən hər bir sözün bütün hallarda eyni nəticəyə gətirib çıxarmasını tələb etmir. Əsas məsələ normanın ünvanlandığı şəxslər üçün kifayət qədər aydın olması, konkret hadisələrə tətbiqinin əsaslandırılması və təfsir zamanı normanın mətninin müəyyən etdiyi sərhədlərin qorunmasıdır.
5. Mətn, kontekst və məhkəmə təfsirinin sərhədləri
Azərbaycan qanunvericiliyinin normativ hüquqi aktların təfsirinə yanaşması da yuxarıda qeyd olunan nəticəni təsdiq edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edilərkən onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə eyni növ ictimai münasibətlərin müxtəlif tərəflərini tənzimləyən digər normalarla funksional və başqa əlaqələri müəyyən olunur.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 7 noyabr 2012-ci il tarixli, 24-P saylı qərarında da normanın hərfi mənası ilə yanaşı, ona məhkəmə təcrübəsində verilən məna və hüquq sistemində tutduğu yer nəzərə alınmışdır.
Almaniya Federal Konstitusiya Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2 BvR 2172/13 saylı qərarına görə, təfsirdə normada ifadəsini tapmış qanunverici iradəsi müəyyən edilməlidir. Bu məqsədlə mətn, sistematik əlaqə, normanın mənası və məqsədi, qanunvericilik materialları və yaranma tarixi birlikdə nəzərə alınır. Başlanğıc nöqtəsi mətn olsa da, o, tənzimləmə iradəsini hər zaman tam aydınlaşdırmaya bilər.
Almaniya Federal İnzibati Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 9 C 30.15 saylı qərarında da mətnin təfsirin başlanğıcı olduğu, digər təfsir vasitələrinin isə onu tamamladığı göstərilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində də təfsirin sərhədlərinə dair oxşar yanaşma ifadə edilmişdir. Plenumun 18 noyabr 2022-ci il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair Qərarında əvvəlki hüquqi mövqelərə istinadla göstərilmişdir ki, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluğun aradan qaldırılması isə təfsir prosesi çərçivəsində həyata keçirilmir. Bu fərqləndirmə onu göstərir ki, məhkəmə təfsir yolu ilə normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldıra bilər, lakin mövcud olmayan hüquqi tənzimləməni təfsir adı altında yaratmamalıdır.
Almaniya Federal Konstitusiya Məhkəməsinin 2 BvR 2172/13 saylı qərarında vurğulandığı kimi, hakim qanunvericinin normada ifadə etdiyi tənzimləmə konsepsiyasını öz təsəvvürü ilə əvəz edə bilməz. Deməli, kontekst və məqsəd mətnin anlaşılmasına xidmət etməli, mətndə əsası olmayan yeni hüquqi nəticə yaratmamalıdır.
Bununla yanaşı, normanın mətni onun hüquqi məzmununu müəyyən edən yeganə amil kimi də qəbul edilə bilməz. Eyni söz və ya ifadə müxtəlif hüquqi tənzimləmələrdə fərqli məna çalarları daşıya bilər. Buna görə normanın digər müddəalarla əlaqəsi və hüquq sistemində tutduğu yer də nəzərə alınmalıdır. Başqa sözlə, sözün mümkün mənalarından hansının konkret normaya uyğun olduğunu müəyyən etmək üçün normanın daxil olduğu hüquqi sistem bütöv şəkildə qiymətləndirilməlidir.
Normanın məqsədi isə bu prosesdə mühüm, lakin köməkçi rol oynayır. Məqsəd normanın mətnində mümkün olan mənalardan hansının seçilməli olduğunu müəyyənləşdirməyə kömək edə bilər. Lakin məqsədə istinad normanın mətnində əsas tapmayan hüquqi nəticənin yaradılmasına gətirib çıxarmamalıdır. Əks yanaşma təfsirlə hüquqyaratma arasındakı sərhədin qeyri-müəyyənləşməsinə səbəb ola bilər.
Beləliklə, hüquqi təfsirin vəzifəsi normanın mətnindən, sistematik əlaqələrindən və məqsədindən çıxış edərək onun konkret münasibətdə daşıdığı hüquqi mənanı müəyyən etməkdir. Mətn təfsirin başlanğıc nöqtəsi və onun əsas sərhədidir. Kontekst və məqsəd isə məzmunun aydınlaşdırılmasına xidmət edir. Normanın mümkün mənası sözlərin adi istifadəsi, qanunvericinin verdiyi xüsusi hüquqi təriflər və müvafiq normativ kontekst birlikdə nəzərə alınmaqla müəyyən edilməlidir. Bu vasitələr normada ifadəsini tapmayan yeni hüquqi qaydanın yaradılmasına əsas verməməlidir.
6. Nəticə
Aparılan təhlil göstərir ki, hüquq normasının məzmununun müəyyən edilməsi yalnız sözlərin lüğəvi mənasının aydınlaşdırılması ilə məhdudlaşmır. Sözün ümumi mənası aydın olsa da, onun konkret hüquqi münasibətdə hansı hadisələri və halları əhatə etməsi ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər.
Hüquqi təfsir zamanı normanın mətni əsas götürülməli, lakin onun mənası normativ və faktiki kontekstdən təcrid olunmuş şəkildə müəyyən edilməməlidir. Normanın hüquq sistemindəki yeri, digər normalarla əlaqəsi, məqsədi və ünvanlandığı şəxslərin xüsusiyyətləri nəzərə alınmalıdır. Bununla belə, həmin amillər normanın mətnindən kənara çıxan hüquqi nəticələrin yaradılmasına əsas verməməlidir.
Hüquqi müəyyənlik bütün mümkün həyat hadisələrinin qanunda əvvəlcədən sadalanmasını tələb etmir. Əsas məsələ hüquqi tənzimləmənin kifayət qədər aydın və proqnozlaşdırıla bilən olması, onun konkret hallara tətbiqinin obyektiv meyarlarla əsaslandırılmasıdır.
Beləliklə, hüquqi təfsirin mahiyyəti sözlərin mənasını müəyyən etməklə yanaşı, həmin sözlər vasitəsilə ifadə olunan hüquq normasının konkret münasibətdə daşıdığı mənanı aşkar etməkdən ibarətdir. Bu fəaliyyətin sərhədini isə normanın mətni müəyyən edir. Başqa sözlə, qanun sözlə yazılır, lakin yalnız sözlə anlaşılmır.
Ədəbiyyat siyahısı
1. Almaniya Federal İnzibati Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 3 C 7.17 saylı qərarı.
2. Almaniya Federal İnzibati Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 9 C 30.15 saylı qərarı.
3. Almaniya Federal Konstitusiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli, 2 BvR 871/04 və 2 BvR 414/08 saylı qərarı.
4. Almaniya Federal Konstitusiya Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2 BvR 2172/13 saylı qərarı.
5. Almaniya Federal Konstitusiya Məhkəməsinin 3 sentyabr 2014-cü il tarixli, 1 BvR 3353/13 saylı qərarı.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair 12 iyun 2026-cı il tarixli, 03/2026 nömrəli qərarı.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü bəndində nəzərdə tutulmuş “adətən” ifadəsinin təfsirinə dair məhkəmə qərarı // Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni, 2019, № 4, s. 29–33.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” Qərarı.
10.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2026-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
12. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2290/2025 nömrəli qərarı.
13. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1075/2025 nömrəli qətnaməsi.
14. Endicott, Timothy. Law and Language. Stanford Encyclopedia of Philosophy.
15. Frederick, Alana; Newsom, Kevin. “Meaning, Understanding, and Contextual Textualism.” Yale Law Journal, Vol. 135, 2026.
16. Garner v Burr [1951] 1 KB 31.
17. Hart, H.L.A. The Concept of Law. Oxford University Press.
18. Husa, Jaakko. “Understanding Legal Languages: Linguistic Concerns of the Comparative Lawyer.” In: Jaap Baaij (ed.), The Role of Legal Translation in Legal Harmonization, Kluwer Law International, 2012, pp. 161–181.
19. Nix v. Hedden, 149 U.S. 304 (1893).
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
21. Qədimov, Əli. Hüquq nəzəriyyəsi. Bakı, Qanun nəşriyyatı, 2025.
22. Rusiya Federasiyası Ali Məhkəməsinin 10 iyun 2014-cü il tarixli, AKPI14-568 saylı qərarı.
23. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 7 noyabr 2012-ci il tarixli, 24-P saylı qərarı.
24. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 48-P saylı qərarı.