Məzmuna keç

Milli Məclisdə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumat dinlənildi –

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edilib.

E-huquq.az-ın məlumatına görə, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

O bildirib ki, Azərbaycanda insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb:

“İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.

Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb”.

Həmçinin diqqətə çatdırılıb ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir.

Müzakirələrdən sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib.

***

11:58

İnternet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi aparılaraq insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 100-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanıb və hər biri tam və hərtərəfli araşdırlılıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Onlardan təsdiqini tapmış 4 fakt üzrə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bütövlükdə isə ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 53 fakt müəyyən edilərək 27 nəfər cinayət, 779 nəfər inzibati məsuliyyətə cəlb olunub.

2019-cu ildə Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.

Aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə isə cinayət tərkibi müəyyənləşməyib. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bununla bərabər, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara qəyyumluq və himayə orqanlarına 670 material göndərilib.

***

11:39

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

E-huquq.az-ın xəbərinə görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələyə baxılır.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edir.