“Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiq edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar verib.
Qərarda Gömrük orqanlarının Dövlət Himninin mütləq ifa edildiyi hallar açıqlanıb. Qeyd edilib ki, Azərbaycanın bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı, dövlət və xalq üçün mühüm tarixi hadisələr olduqda, gömrük orqanlarının vəzifəli şəxslərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə, gömrük orqanlarında xidmətə qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı və digər tədbirlərdə Dövlət Himni mütləq ifa edilməlidir.
Qərarda eyni zamanda, Gömrük orqanlarında Dövlət Himninin ifa edilməsinə, ifa edilən zaman əsgəri salam verilməsinə, dinlənilməsinə və oxunmasına dair tələblər də açıqlanıb. Qeyd edilib ki, Gömrük orqanlarında Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə tam səsləndirilir. Dövlət Himni ifa edildikdə gömrük orqanlarının vəzifəli şəxsləri onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.
Bildirilib ki, Dövlət Himni ifa edildikdə sıradakı gömrük orqanlarının vəzifəli şəxsləri komanda verilməmiş farağat vəziyyətini alır, DGK aparatının struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının rəisləri əsgəri salam verirlər. Sırada olmayan gömrük orqanlarının vəzifəli şəxsləri Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri salam verir.
Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.
Qərarda deyilib ki, işçilər bu Qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qərar iyunun 10-da qüvvəyə minib.
