Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.
Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.
Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub.
