Gəncə Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Sübhi Abbasovun barəsindəki hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən apelyasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O bildirib ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, S. Abbasovun barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb, zərərçəkmişin şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə, xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.
E. Mahmudov rayonda diş həkimi kimi fəaliyyət göstərib.
