Mülki prosesdə heç bir qərar “işin yenidən baxılmaq üçün aşağı instansiyaya göndərilməsi barədə” qərar qədər insanlara məhrumiyyət yaratmır: əvvəlki baxışa sərf olunmuş vaxt, zəhmət və xərc itirilir, pozulmuş hüquqların bərpası gecikir.
Belə qərarların sayının çox olmasına səbəb kassasiya instansiyasında “…apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər” məzmunlu müddəanın (MPM, maddə 417.1.4) düzgün tətbiq edilməməsidir. Əslində, “bilər” ifadəsi onu təsdiq edir ki, kassasiya instansiyası “işin yenidən baxılmaq üçün göndərilməsi barədə” qərar qəbul edərkən apelyasiya instansiyasında müəyyən edilmiş hallar və sübutlar əsasında özü tərəfindən yeni qərar qəbul edilməsinin mümkün olmadığını əsaslandırsın. Əgər belə əsaslandırma yoxdursa, deməli, süründürməçilik edilir. Yenidən baxılmaq üçün göndərilən işlərin çoxunda belə əsaslandırma yoxdur.
Bu məsələdə anlaşılmazlığın yaranmasına səbəb kassasiya instansiyasının “hüququn tətbiqi prosesinin mərhələləri” məsələsini səhv başa düşməsidir. Hüququn tətbiqi – hüquq normalarının səlahiyyətli dövlət orqanları (məhkəmə və s.) tərəfindən konkret həyati hadisələrlə bağlı realizəsi üzrə hakimiyyət fəaliyyətidir və 3 əsas mərhələdən ibarətdir:
1) işin faktiki hallarının müəyyən edilməsi;
2) iş üzrə tətbiq edilməli hüquq normasının seçilməsi və təhlil edilməsi;
3) işi həll edən aktın qəbul edilməsi.
İş o halda yenidən baxılmaq üçün göndərilə bilər ki, 1-ci mərhələdə pozuntuya yol verilsin: faktiki hallar səhv müəyyən edilsin, faktiki hallar tam müəyyən edilməsin və s. Əgər 1-ci mərhələdə pozuntuya yol verilməyibsə 2-ci və 3-cü mərhələdə pozuntuya yol verilməsi işin yenidən baxılmaq üçün göndərilməsinə əsas ola bilməz. Belə pozuntuya görə apelyasiya instansiyasının qərarı ləğv edildiyi halda kassasiya instansiyası özü yeni qərar qəbul etməlidir.
Həmçinin işin yenidən baxılmaq üçün göndərilməsi zamanı faktiki hallarla bağlı 2 məsələ nəzərə alınmalıdır:
1) faktiki halın hüquqi əhəmiyyəti olmalıdır;
2) faktiki halı müəyyən etməyə aşağı instansiyanın səlahiyyəti olmalıdır.
Bəzən iş elə faktiki hallara görə yeni baxışa göndərilir ki, həmin halın hüquqi əhəmiyyəti yoxdur, yaxud həmin halı müəyyən etməyə apelyasiya instansiyasının səlahiyyəti yoxdur. Ona görə də elə təəssürat yaranır ki, kassasiya instansiyası apelyasiya instansiyasını birinci instansiya ilə səhv salıb. Belə ki, faktiki halı müəyyən etmək üçün yeni sübut lazımdır, apelyasiya instansiyasının yeni sübut qəbul etmək səlahiyyəti isə məhduddur (MPM, maddə 371).
Bu məsələdə anlaşılmazlığın yaranmasının digər səbəbi “kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır” məzmunlu müddəanın (MPM, maddə 416) səhv başa düşülməsidir. “Yoxlayır” ifadəsi kassasiya instansiyasına əsas vermir ki, hər pozuntunun aradan qaldırılması üçün işi aşağı instansiyaya göndərsin. “Yoxlayır” ifadəsi o deməkdir ki, kassasiya instansiyası hüququn tətbiqi prosesinin hər 3 mərhələsində aşağı instansiyanın hüquq qaydalarına əməl edib-etmədiyini müəyyənləşdirir, lakin bu zaman özü aşağı instansiyanın əvəzinə 1-ci mərhələyə aid olan faktiki hal müəyyənləşdirmir. Müqayisə üçün qeyd edək ki, bu məsələ RF-nın MPM-də daha aydın əks olunub: RF Ali Məhkəməsinin məhkəmə kollegiyası birinci və ya apelyasiya instansiyası tərəfindən təsdiq və ya təkzib edilmiş halları müəyyən etməyə və ya sübut edilmiş saymağa haqlı deyildir (maddə 390.15). Göründüyü kimi, 416-cı maddədəki müddəa yuxarıda qeyd etdiyimiz fikri təsdiqləyir: iş o halda yenidən baxılmaq üçün aşağı instansiyaya göndərilə bilər ki, 1-ci mərhələdə (işin faktiki hallarının müəyyənləşdirilməsində) pozuntuya yol verilsin.
Bu məsələdə bir istisna var. Həmin istisna MPM-in 418.4-cü maddəsində müəyyən edilmiş pozuntulardır. Əgər aşağı instansiyanın aktı bu pozuntulara görə ləğv edilirsə, iş yeni baxışa qaytarılmalıdır. Çünki həmin pozuntular xarakterinə görə aşağı instansiyadakı hüquq tətbiqetmə prosesinin legitimliyini sual altına alır. Məhz buna görədir ki, qanunverici həmin pozuntuların əksəriyyətini kobud pozuntu adlandırıb (MPM, maddə 418.5) və hakim barədə xüsusi qərardad çıxarılmasına əsas kimi müəyyən edib (MPM, maddə 421-2). Lakin bu pozuntulara təcrübədə az rast gəlinir, ona görə də demək olar ki, yeni baxışa qaytarmanın səbəbləri sırasında həmin pozuntuların payı cüzidir.
Nəyə görə ləğv etmə zamanı kassasiya instansiyası iş üzrə yekun qərar çıxarmaq imkanından deyil, işi yeni baxışa qaytarmaq imkanından istifadə edir? Cavab belədir ki, 1-ci, yekun qərarla müqayisədə yeni baxışa qaytarma qərarın əsaslandırılması daha az zəhmət tələb edir (ziddiyyətli məsələlərə dair hüquqi mövqe formalaşdırma və s.); 2-ci, yekun qərarla müqayisədə yeni baxışa qaytarma qərarı daha az məsuliyyət tələb edir (Konstitusiya Məhkəməsinə şikayət və s.); 3-cü, yekun qərarla müqayisədə yeni baxışa qaytarma qərarı özündən sonra daha az sənədləşmə tələb edir (icra sənədi tərtib etmə, icraya yönəltmə və s.). Buna görədir ki, ziddiyyətli və qeyri-müəyyən məsələlərə dair hüquqi mövqelərin formalaşdırılmasında kassasiya instansiyasının iştirak payı cüzidir, zəruri olan hüquqi mövqeləri başqa məhkəmələr formalaşdırır, kassasiya instansiyası isə bununla razılaşır. Müqayisə üçün qeyd edək ki, RF-nın Ali Məhkəməsi bu sahədə əsas yükü öz üzərinə götürərək ziddiyyətli və qeyri-müəyyən məsələlərə dair hüquqi mövqelər formalaşdırır, daha sonra özünün internet səhifəsindəki «обзоры судебной практики» və «тематические обзоры» bölmələrində yerləşdirməklə onlardan hər kəsin istifadə etməsinə imkan yaradır.
Bundan başqa, ləğv etmə zamanı hansı halda yekun qərar, hansı halda isə yeni baxışa qaytarma barədə qərar qəbul edilməsi ilə bağlı məhkəmə təcrübəsinə müəyyənlik gətirən heç bir sənəd hazırlanmayıb: Plenum qərarı və s. Belə sənədin hazırlanmasına çoxdan zərurət var, çünki ləğv etmə zamanı oxşar vəziyyətlərdə kassasiya instansiyası bir halda işi yeni baxşa qaytarır, bir halda isə özü yekun qərar qəbul edir. Belə qeyri-müəyyənlik məhkəmə qərarlarının ləğv edilməsində kassasiya instansiyasına sui-istifadə imkanları yaradır. Məs., hətta qanuni və əsaslı qətnamə də hansısa məsələyə yenidən qiymət verilməsi üçün ləğv edilərək yeni baxışa göndərilə, bununla da həmin qətnaməyə “ləğv” statusu verilə bilər. Əgər kassasiya instansiyası qabaqcadan bilsə ki, qanuni və əsaslı qətnaməni ləğv etdiyi halda özü eyni məzmunda yekun qərar qəbul etməli olacaq, belə halda həmin qətnaməni ləğv etməz.
Beləliklə, ləğv etmə zamanı yekun qərar qəbul etmək əvəzinə işi əsassız olaraq yeni baxışa göndərmə süründürməçiliyə (vətəndaşların dəfələrlə yeni baxışda iştirak etməsinə), məhkəmə müdafiəsi hüququnun pozulmasına (müdafiəsi tələb olunan hüququn daha gec bərpa olunmasına), apelyasiya instansiyalarının işlə yüklənməsinə (baxdıqları işlərə təkrarən baxmasına) və digər neqativ nəticələrə səbəb olur.
Namiq Cəfərov
Bakı Apelyasiya Məhkəməsinin hakimi
